“Kiçik və orta sahibkarlığa aid yeni şirkətlərin yaranması, ümumilikdə, iş yerlərinin sayının artmasına gətirib çıxaracaq”
2019-cu ildə vergi sistemində köklü islahatların həyata keçirilməsi nəzərdə tutulur. Belə ki, Vergi Məcəlləsi və digər qanunlara dəyişikliklər gözlənir. Məqsəd iqtisadi fəaliyyəti stimullaşdırmaq, kiçik və orta sahibkarlığın inkişafını genişləndirməkdir. Vergi qanunvericiliyinin təkmilləşdirilməsində ən mühüm istiqamətlərdən biri vergitutma bazasının genişləndirilməsi, vergi güzəştlərinin optimallaşdırılması və güzəştlərin iqtisadi səmərəsinin yüksəldilməsidir.
Belə ki, qanun layihəsində qeyri-neft sektorunda çalışan sahibkarlar üçün həm stimullaşdırıcı, həm də səmərəliləşdirici və ünvanlı vergi güzəştlərinin tətbiqi, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi məqsədilə bu kateqoriyadan olan vergi ödəyicilərinə münasibətdə differensial yanaşmanın genişləndirilməsi nəzərdə tutulub. Dəyişikliklərin əsas məzmunu kiçik və orta biznes üçün vergi inzibatçılığının əhəmiyyətli dərəcədə yüngülləşdirilməsi və vergi yükünün aşağı salınmasıdır.
Sahibkarlıq fəaliyyətinin dəstəklənməsi məqsədilə gələn il kənd təsərrüfatı məhsullarının istehsalçılarına tətbiq olunan vergi güzəştlərinin daha 5 il müddətinə uzadılması, kiçik sahibkarlıq subyektlərinin balansında olan əsas vəsaitlər üzrə sürətli amortizasiyanın tətbiqi, kiçik sahibkarlıq subyektinin təsisçisinin dividend gəlirlərinin vergidən azad olunması təklif edilib. Bundan başqa, bu kateqoriyaya aid hüquqi şəxslərin və fərdi sahibkarların əmlak vergisindən azad olunması da nəzərdə tutulub. Bu addım kiçik biznes sektoru üçün ən mühüm yeniliklərdən biridir.
Ümumilikdə, kiçik və orta sahibkarlar üçün vergi inzibatçılığının əhəmiyyətli dərəcədə yüngülləşdirilməsi və vergi yükünün aşağı salınması iqtisadi baxımdan nə vəd edir?
Məsələyə münasibət bildirən iqtisad elmləri doktoru Müslüm İbrahimovun sözlərinə görə, sözügedən yeniliklər iqtisadi baxımdan müsbət əhəmiyyət kəsb edir: “Azərbaycanda kiçik və orta biznesin inkişaf etdirilməsi ilə əlaqədar çox böyük addımlar atılır. Bu məsələdə birinci növbədə belə bir məqsədə nail olmaq lazımdır ki, biznes bütün bu görülən işlərə impulsiv olaraq cavab versin. Nəzərə almaq lazımdır ki, sözügedən sahədə müəyyən problemlər var idi. Problemlərdən biri də vergi yükünün kiçik və orta biznes üçün çətinlik yaratması idi. Ona görə də bu sektorda differensial vergi sistemi tətbiq olunmalıdır. Belə olduqda investisiyaların və kreditlərin cəlbi üçün yaxşı zəmin yaranır. İstehsal və biznes sahələrinin daha da inkişaf etdirilməsinə şərait yaranır. Çünki vergi yükünün yüngülləşməsi xərclərin azalmasına təkan verir. Bu da əhəmiyyətli dərəcədə mənfəət normasına təsir göstərəcək. Belə vəziyyət o deməkdir ki, kiçik və orta biznes banklardan kredit əldə edəcək. Müəyyən layihələrin həyata keçirilməsi üçün zamanında investisiyaların cəlbi üçün əlverişli bir şərait yaradılacaq. Bundan başqa, şirkətlər özü də əldə etdikləri gəlirin əsasında investisiyalar yatıra bilərlər. Bu da, ümumilikdə, ölkədə biznesin inkişafına gətirib çıxaracaq. Məsələ ondadır ki, bütün bunların sayəsində istehsal artacaq. Mövcud strukturlar öz istehsalını genişləndirib yeni iş yerlərinin açılmasına nail olacaqlar. Digər tərəfdən, kiçik və orta sahibkarlığa aid yeni şirkətlərin yaranması, ümumilikdə, iş yerlərinin sayının artmasına gətirib çıxaracaq. Bu da ölkədə iqtisadi aktivliyə şərait yaradacaq. Bir sözlə, vergi yükünün azalması iqtisadi aktivliyin dayanıqlı olmasına öz müsbət təsirini göstərəcək”.
Vidadi ORDAHALLI