Rəsul Cahangirli: “Bir sıra bələdiyyələr ya ayrılan vəsaitdən səmərəli şəkildə istifadə edə bilmir, ya da işini qura bilmir”
“Bələdiyyələrə ayrılan vəsait 500 min manat dəyərində azaldılacaq”. Bu sözləri maliyyə naziri Samir Şərifov Milli Məclisdə 2019-cu il büdcə layihəsinin ikinci müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, 2019-cu il büdcə layihəsinin müzakirəsi zamanı millət vəkilləri tərəfindən irəli sürülən təkliflər müzakirə edilib. Qaldırılan məsələlərin təminatı zamanı həm də makroiqtisadi sabitlik, büdcə dayanıqlığının təmin edilməsi diqqətə alınıb. Bəzi xərclərə dəyişiklik edilib.
Maliyyə naziri bildirib ki, irəli sürülən təkliflərin dəyəri 610 milyon manat təşkil edir: “Artımın əsas hissəsi sosial xərclərə yönəlib. Belə ki, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün Dövlət Neft Fondundan 200 milyon manat əlavə vəsaitin ayrılması nəzərdə tutulub. Məşğulluq tədbirlərinin keçirilməsi üçün əlavə 80 milyon manat ayrılacaq. Bələdiyyələrə ayrılan vəsait 500 min manat dəyərində azaldılacaq. Yeni yaradılan və strukturunda dəyişiklik edilən strukturlar üçün 5.5 milyon manat vəsait ayrılacaq”.
Yeni sosial-iqtisadi çağırışlar fonunda, yerli özünüidarəetmə orqanı olan bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi və şəffaflığın artırılması məqsədilə prosesə ictimai nəzarət mexanizmlərinin daha da çevik əsaslarla təmin edilməsi zərurətə çevrilib. Beynəlxalq təcrübənin təhlili onu göstərir ki, istənilən ölkədə yerli özünüidarəetmə qurumlarının fəaliyyətində ictimai iştirakçılıq və onların fəaliyyətinə ictimai nəzarət səmərəli idarəetmənin təşkili mexanizminin əsas qayəsi hesab edilir.
Artıq neçə illərdir Azərbaycanda dövlət büdcəsindən bələdiyyələrə vəsait ayrılıq. Ancaq müxtəlif səbəblərdən bələdiyyələr hələ ki, özünü arzuolunan səviyyədə doğrultmurlar. Bunun nəticəsidir ki, əvvəlki illərlə müqayisədə bələdiyyələrin sayı azalıb. Daha dəqiq desək, bir sıra bələdiyyələr birləşdirilib.
Bütövlükdə, gələn il bələdiyyələrə ayrılan vəsaitin yarım milyon manat azaldılmasını ekspertlər necə dəyərləndirirlər?
Məsələyə münasibət bildirən ekspert Rəsul Cahangirlinin sözlərinə görə, bələdiyyələrə ayrılan vəsaitin azaldılması, görünür, onların göstərilən etimadı doğrultmaması ilə əlaqədardır: “Bu səbəbdən dövlət bələdiyyələrə ayrılan vəsaitin 500 min manat azaldılmasını məqsədəuyğun hesab edib. Düzdür, bu gün Azərbaycandakı əksər bələdiyyənin maliyyə vəsaitinə ehtiyacı var. Yəni maliyyənin az olması səbəbindən bələdiyyələrin bir çoxu qənaətbəxş fəaliyyət göstərə bilmir. Bunun bir sıra obyektiv və subyektiv səbəbləri var. Başlıca problem odur ki, bələdiyyələrə aid olan bir sıra işləri hələ də icra hakimiyyəti həyata keçirir. Ancaq o da bir reallıqdır ki, bir sıra bələdiyyələr ya ayrılan vəsaitdən səmərəli şəkildə istifadə edə bilmir, ya da işini qura bilmir. Nəticədə həm ictimaiyyətin bələdiyyələrə olan inamı aşağı düşür, həm də dövlət büdcəsindən ayrılan vəsait təyinatı üzrə xərclənmir. Belə olan halda, hər il büdcədən maliyyə vəsaitinin ayrılmasına ehtiyac qalmır. Bütün bunlarla yanaşı, hesab edirəm ki, bələdiyyələrin fəaliyyətini canlandırmaq, bu sahədə işin keyfiyyətini artırmaq üçün kompleks və sistemli işlər görülməlidir. Yalnız o halda bələdiyyələr öz fəaliyyətində ciddi dönüş yarada bilərlər”.
Vidadi ORDAHALLI