Cahid İsmayıloğlu: “Azərbaycanın informasiya texnologiyalarında əldə etdiyi nailiyyətlər təbii ki, qonşu, dost dövlətlərin də diqqətini cəlb edir”
“Azərbaycanın yeni texnologiyaları bizi cəlb edir”. Bunu Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov Aşqabadda Azərbaycan Prezidenti İlham Əliyevlə geniş tərkibli görüşündə deyib.
O qeyd edib ki, Azərbaycanın yeni texnologiyalarına maraq var. “Hər halda, bütün dünya rəqəmsal texnologiyalara, rəqəmsal iqtisadiyyata keçir. Buna görə də biz gələcəkdə də bu ruhda davam edəcəyik”.
Maraqlıdır, gələcəkdə Türkmənistan Azərbaycanla texnologiya sahəsi ilə bağlı əməkdaşlıq edə bilərmi?
İnformasiya və kommunikasiya texnologiyaları üzrə ekspert Cahid İsmayıloğlu “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, İKT elə bir sahədir ki, burada təcrübə mübadiləsinə böyük ehtiyac var: “Dünyada bu istiqamətdə böyük potensialı olan dövlətlər arasında informasiya texnologiyaları sahəsində mütləq təcrübə mübadiləsi olur. Hətta dünyanın super gücləri də öz mövcud texnologiyalarını digər ölkələrə yaymaqda maraqlıdırlar. Texnologiya nə qədər geniş yayılarsa, bu, həmin ölkəyə daha çox xeyir verər. Azərbaycanın informasiya texnologiyalarında əldə etdiyi nailiyyətlər təbii ki, qonşu, dost dövlətlərin də diqqətini cəlb edir. Azərbaycan qonşu dövlətlərlə təcrübəsini bölüşə bilər. Bu həm Azərbaycanın xeyrinə olar, həm də mübadilə aparılan ölkələrin. Eyni zamanda, türkdilli dövlətlər arasında mübadilənin aparılması tarixi əlaqələrin daha da sıxlaşmasında böyük rola malik olacaq. Nəzəzə almaq lazımdır ki, informasiya texnologiyaları elə bir vasitədir ki, bu vasitə ilə əlaqələri operativ şəkildə daha da sıxlaşdırmaq mümkündür. Azərbaycan hətta “ASAN xidmət”in təcrübəsini türkdilli ölkələrlə paylaşa bilər. Hətta gələcəkdə türkdilli dövlətlərin elektron hökumət platforması yaradıla bilər”.
C.İsmayıloğlunun sözlərinə görə, günü-gündən inkişaf edən texnologiyalar məsafəni, ölkələr arasında olan uçurumu aradan qaldırır.
Günel CƏLİLOVA