Rəşad Həsənov: “Minimum pensiya kapitalı tələbini yerinə yetirməyən və 25 il stajı olmayan şəxslər pensiya hüququndan istifadə edə bilməyəcəklər”
“Gələn il pensiya alanlar təxminən 1 milyon 294 min nəfər, sosial müavinət və təqaüd alan 571 min nəfər olaraq proqnozlaşdırılır”. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisdə komitələrin birgə iclasında büdcə zərfinin müzakirəsi zamanı çıxış edərkən deyib.
Nazir qeyd edib ki, 2019-cu ildə pensiya alanların sayı 1 milyon 294 min nəfərə çatacaq. Onu da bildirib ki, hazırda ölkədə sosial müdafiə sistemi vasitəsilə 1 milyon 309 min nəfər əmək pensiyası, 509 min nəfər müxtəlif müavinətlər, 64 min nəfər Azərbaycan Prezidentinin təqaüdlərini, 50.2 min ailənin 200 mindən yuxarı üzvü isə sosial yardım alır. Onlara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hər ay 340 milyon manatdan çox vəsait ödənilir.
Qeyd edək ki, hazırda pensiya alanların sayı 1 milyon 309 min nəfərdir, gələn il isə bu rəqəm 1 milyon 294 min olacaq. Rəqəmlər arasındakı fərqlə bağlı fikir bildirən iqtisadçı-ekspert Rəşad Həsənov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, pensiya alanların sayı dəyişən rəqəmdir. Pensiya sistemindən çıxanlar və bu sistemə daxil olanlar olur. Hər il bu rəqəm dəyişir: “2017-ci il iyunun 1-də “Əmək pensiyaları haqqında” Qanuna edilən dəyişiklikdən sonra əhalinin böyük bir qismi mərhələli şəkildə pensiya sistemindən kənarlaşıb: “Yaşın artırılması il ərzində periodik olaraq yeni pensiya alanların sayının daha da az olmasına təsir göstərir. Xüsusilə də bu hal 2027-ci ilə qədər özünü daha qabarıq şəkildə göstərəcək. Çünki hər il pensiya yaşı 6 ay müddətinə artırılır.
Eyni zamanda, minimum pensiya kapitalı tələbini yerinə yetirməyən və 25 il stajı olmayan şəxslər pensiya hüququndan istifadə edə bilməyəcəklər. Bunların fonunda, pensiyaçıların sayında dəyişiklik baş verir. Ümumi pensiya sistemindən istifadə edənlərin sayı mərhələli şəkildə azalır”.
İqtisadçı onu da vurğuladı ki, əhalinin 6,4 faizi 65 yaşdan yuxarı həddə yaşayır. Pensiya alanların böyük əksəriyyəti 60-65 yaş arasında pensiya alanlardır: “Növbəti dövrlərdə də pensiya alanların sayı azalacaq”.
Günel CƏLİLOVA