Fuad İbrahimli: “Azərbaycan istehsalı olan traktor və ya digər iriçəkili məhsulların qonşu ölkələrə göndərilməsi o deməkdir ki…”
Xəbər verildiyi kimi, Azərbaycan və Belarus Türkiyəyə traktorlar tədarük edəcək. Bunu “Minsk traktor zavodu” ASC-nin baş direktoru Fyodor Domotenko deyib. O qeyd edib ki, zavod Gəncə Avtomobil Zavodu ilə Azərbaycana traktor tədarükü barədə yeni müqavilə, eləcə də Türkiyə bazarına birgə çıxış barədə protokol imzalayıb: “Bu məqsədlə bizim tərəfdaşlarımız beş milyon dollar dəyərində maliyyə vəsaiti ayıracaq. Yeni texnika Azərbaycandan tədarük olunacaq”.
Öz növbəsində, Gəncə Avtomobil Zavodunun Müşahidə Şurasının sədri Xanlar Fətiyev deyib ki, bu, iki ölkənin Türkiyədə birgə məhsulu olacaq: "Biz üç il ərzində 2,3-3 min traktor satışına nail olmağa ümid edirik”.
Azərbaycan və Belarusun Türkiyəyə traktorlar tədarük etməsinin əhəmiyyəti barədə danışan iqtisadçı-ekspert Fuad İbrahimli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, MDB dövlətləri arasında iqtisadi əlaqələrin genişlənməsi, inkişaf etməsi Azərbaycan üçün mühum əhəmiyyət kəsb edir: “MDB ölkələri ilə bəzi sahələr üzrə eynilik və oxşarlıq var. Bu səbəbdən də birgə traktor istehsal olunması və onun Türkiyəyə tədarük olunması ölkə iqtisadiyyatına müsbət töhfə verər.
Nəzərə almaq lazımdır ki, qeyri-neft sektorunda kənd təsərrüfatının inkişafı prioritet sahə seçilib. Azərbaycan istehsalı olan traktorların Türkiyəyə tədarük olunması sevindiricidir. Çünki Azərbaycan istehsalı olan traktor və ya digər iriçəkili məhsulların qonşu ölkələrə göndərilməsi o deməkdir ki, bizim xarici iqtisadi əlaqələrimiz genişlənir”.
Həmsöhbətimiz hesab edir ki, Türkiyəyə tədarük olunacaq traktorların keyfiyyətinin yüksək səviyyədə olması önəmli məsələdir: “Rəqabətyönümlü məhsul buraxmaq lazımdır ki, qısa zaman çərçivəsində bazarda dayanıqlıq bərpa olunsun. İstehsal olunan məhsullar yüksək keyfiyyətə cavab verərsə, bu sahədə ölkəmizin adı inkişaf etmiş ölkələrlə yanaşı səslənər”.
İqtisadçı onu da vurğuladı ki, traktorlar kiçik əkin sahələrində rahat işləmək imkanı yaratmaqla, cərgələrarası texniki işlərin aparılması, kultivasiya tədbirləri, məhsulların sahədən toplanması və digər vacib işləri qısa vaxtda həyata keçirir.
Günel CƏLİLOVA