“Mövcud bazarları daha da şaxələndirmək lazımdır”
Azərbaycan iqtisadiyyatı inkişaf etdikcə, ölkədə istehsal olunan məhsulların dünya bazarına çıxarılması istiqamətində sistemli tədbirlər görülür. İxracın təşkili və genişləndirilməsi istiqamətində ardıcıl işlər həyata keçirilir. Bunun nəticəsidir ki, ilbəil bu sahədə inkişaf meylləri özünü göstərir.
Bu arada məlum olub ki, 2019-cu ildə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) xətti ilə 25 ixrac missiyası planlaşdırılıb. İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədovun sözlərinə görə, bundan başqa, yerli sahibkarların 10 beynəlxalq sərgidə iştirakı nəzərdə tutulur.
Nazir müavini bildirib ki, bu il İsveçrəyə ixrac missiyası təşkil olunub və bu ölkəyə yalnız fındıq ixrac olunur. O əlavə edib ki, ixrac missiyaları həm Azərbaycan məhsulları üçün ənənəvi bazarlara, həm də perspektiv vəd edən bazarlara təşkil olunacaq.
Öz növbəsində, AZPROMO-nun direktoru vəzifələrini icra edən Yusif Abdullayev qeyd edib ki, təkcə gələn ilin fevralında Rusiya, BƏƏ və Almaniyada keçiriləcək iri sərgidə yerli sahibkarların iştirakı nəzərdə tutulub: “Bizim üçün yeni bazar Cənubi Koreya olacaq. Bu ölkədə biz 2019-cu ilin mayında ərzaq sərgisində iştirak edəcəyik”.
Hər halda, nə qədər çox sayda ölkəyə ixrac missiyası təşkil olunsa, bu bir o qədər ümumi işin xeyrinədir.
Maraqlıdır, bəs ekspertlər bu yöndə görülən işləri necə dəyərləndirir və sözügedən sahədə hansı məqamlara diqqət edilməsini məqsədəuyğun hesab edirlər?
Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Rəşad Həsənovun sözlərinə görə, yerli sahibkarların dünya bazarlarını araşdırmaq imkanları, demək olar, yoxdur: “Çünki bununla bağlı iri kampaniyalar yoxdur. Xüsusən də onların bununla bağlı kapital və investisiya imkanları məhduddur. Çünki hələlik bununla bağlı təcrübə və bacarıqlar, eyni zamanda, əlaqə də yoxdur. Ona görə də dövlət bu istiqamətdə müəyyən qədər məsuliyyəti öz üzərinə götürməklə prosesi müsbətə dağru dəstəkləyə bilir. Yəni bu sahədə təcrübənin formalaşmasına kömək edə bilər. Bu baxımdan hesab edirəm ki, həyata keçirilən ixrac missiyaları əhəmiyyətlidir. O cümlədən, ixracın təşviqi ilə bağlı digər bütün addımların hər biri əhəmiyyətlidir. Ancaq bütün bunlardan öncə rəqabətqabiliyyətli yerli istehsalı gücləndirməyə ciddi ehtiyac var. Problem ondadır ki, ixrac missiyası çərçivəsində standart məhsullar daha çox dünya bazarına çıxarılır. Yəni əsasən ənənəvi kənd təsərrüfatı məhsulları bazara çıxarılır. Ona görə də məhsulların çeşidi genişləndirilməlidir. Bununla bağlı kompleks işlər görülməlidir. Bazarlar tapılmalı və həmçinin, şaxələndirilməlidir. Xüsusən də kənd təsərrüfatında buna ciddi ehtiyac var. Bəzən Azərbaycanda 100 manatlıq kənd təsərrüfatı məhsulu Rusiyada 95 manata satılır. Rusiya elə bir ölkədir ki, orada idarəetmə 1 nəfərin iradəsindən asılıdır. Nə zaman hansısa siyasi gərginlik yaranırsa, bu, məhsul ixracına təsir edir. Ona görə də mövcud bazarları daha da şaxələndirmək lazımdır. Nə qədər çoxsaylı bazar olsa, bu bir o qədər faydalıdır. İqtisadi aktivliyin artırılması ilə bağlı büdcə xərcləri artırılmalıdır. Hesab edirəm ki, bu istıqamətdə işlər daha da sürətləndirilməlidir”.
Vidadi ORDAHALLI