Könül Nuriyeva: “Mikromüəssisələrin yaradılması qeyri-neft sektorunun inkişafına səbəb olacaq, eyni zamanda, sahibkarlıq mühitinin formalaşmasına zəmin yaradacaq”
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası Azərbaycan Mikromaliyyə Assosiasiyası ilə birlikdə sahibkarlığa dəstək məqsədilə "Sabit mikromüəssisələrin inkişafının sürətləndirilməsi" adlı birgə layihə həyata keçirir. Layihənin həyata keçirilməsində məqsəd regionlarda mikromüəssisələr yaratmaq, inkişafını stimullaşdırmaq və yeni iş yerlərinin yaradılmasıdır.
Konfederasiyanın vitse-prezidenti Vüqar Zeynalov media nümayəndələrinə açıqlamasında bildirib ki, layihənin dəyəri 250 min avrodan çoxdur: “Biz layihənin realizəsini 2021-ci ilin sonuna qədər yekunlaşdırmağı planlaşdırırıq. Layihə Gəncə-Qazax, Quba-Xaçmaz, Şəki-Zaqatala və Kür-Araz (Aran) iqtisadi zonalarında biznes mühitin yaxşılaşdırılmasına istiqamətlənib”.
Ekspertlərin fikrincə, mikromüəssisələrin sayının artması qeyri-neft sektorunun inkişafına səbəb olacaq.
İqtisadçı-ekspert Könül Nuriyeva “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bölgələrdə kiçik və orta müəssisələrin yaradılması müsbətdir. İri müəssisələrin fəaliyyəti bəllidir. Onların istiqaməti müəyyən olunub və inkişafı üçün şərait yaradılıb: “İri və orta müəssisələrlə yanaşı, kiçik mikromüəssisələrin yaradılması əhəmiyyətlidir. Əsasən sosial-iqtisadi baxımdan kiçik müəssisələrin yaradılması vacibdir. Nəzərə almaq lazımdır ki, kiçik müəssisələr yaradılan zaman dövlət tərəfindən onlara lazımi dəstək göstəriləcək. Məlumdur ki, bu sahənin inkişafı üçün hazırda Milli Konfederasiya tərəfindən müəyyən məbləğdə vəsait ayrılıb. Mikromüəssisələrin yaradılması qeyri-neft sektorunun inkişafına səbəb olacaq. Qeyd olunan sahənin inkişafı sahibkarlıq mühitinin formalaşmasına zəmin yaradacaq. Mikromüəssisələrin yaradılması əhalinin işlə təmin olunması baxımından əhəmiyyətlidir. Yeni iş yerlərinin yaradılması gəlirliyin artması deməkdir”.
Həmsöhbətimiz hesab edir ki, bölgələrdə mikromüəssisələrin yaradılması müsbət təşəbbüsdür: “Bir zamanlar bazara daxil ola bilməyən, hər hansı bir əngəllə üzləşən şirkətlər artıq dövlət tərəfindən dəstəklənəcək. Dövlət tərəfindən o müəssisələrə dəstək göstərilməsi onları daha da stimullaşdıracaq. Onlar daha həvəslə çalışacaqlar. Bu, mikrosahibkarlığın inkişafına təkan verəcək”.
Günel CƏLİLOVA