Tariyel Pənahov: “Yeni yaradılan müəssisələr sayəsində şərab istehsalı daha da artacaq”
Azərbaycanda 2023-cü ilə qədər şərab istehsalı 2018-ci illə müqayisədə 24 faiz artacaq. Azərbaycan Hökuməti 2018-2022-ci illərdə ölkədə şərab istehsalında artım gözləyir. Hökumətin proqnozlarına əsasən, 2018-ci ilin yekunları üzrə şərab istehsalı 1 mln. 259,4 min dekalitr təşkil edəcək. 2019-cu ilə şərab istehsalı 1 mln. 334,9 min dekalitr, 2020-ci ilə 1 mln. 388,3 min dekalitr, 2021-ci ildə 1 mln. 473 min dekalitr, 2022-ci ildə 1 mln. 556 min dekalitr həcmində proqnozlaşdırılır. Beləliklə, proqnozlara görə, 2023-cü ilə qədər Azərbaycanda şərab istehsalı 2018-ci illə müqayisədə 23,6% artacaq.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev 2018-ci ilin mart ayında “2018-2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Dövlət Proqramı ölkədə şərabçılığın inkişafına, bu sahənin gəlirliliyinin və ixrac potensialının artırılmasına yönəlib. Dövlət Proqramının icrasından gözlənilən nəticələrdən biri şərab ixracını 2026-cı ilədək 5 dəfə artırmaqdır.
Ekspertlərin fikrincə, şərabçılığın inkişafı istiqamətində görülən işlər sayəsində qeyd olunan sektorda inkişaf qeydə alınacaq.
Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru, texniki elmlər doktoru Tariyel Pənahov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, son zamanlar ölkədə şərab istehsalı artır. İstehsalın artması üçün yeni müəssisələr yaradılır: “Yaradılan müəssisələr sayəsində şərab istehsalı artacaq. Məlumat üçün bildirim ki, Azərbaycan istehsalı olan nar şərabı bu gün bir sıra dünya ölkələrində tanınır və böyük tələbat var. Bu səbəbdən də şərab istehsalı günü-gündən artır. 2023-cü ilə qədər Azərbaycanda şərab istehsalı daha da artacaq”.
Həmsöhbətimiz onu da vurğuladı ki, üzümçülük məhsullarının istehsalı ilə yanaşı, ixracı da artır. Bəllidir ki, bu gün bir sıra ölkələrdə Azərbaycan şərab evi açılır. Şərab evlərinin açılmasında məqsəd ixracın artırılmasıdır.
Həmsöhbətimiz onu da əlavə etdi ki, Rusiya bazarında hər zaman Azərbaycan şərabına böyük tələbat olub, bu gün də var: “Hazırda Rusiya tərəfində Azərbaycan şərabı ilə bağlı müəyyən problem yaşanır. Ancaq bu müvəqqəti haldır. Nəzərə almaq lazımdır ki, Rusiya bazarında Azərbaycan şərabı ilk sırada qərarlaşıb”.
Günel CƏLİLOVA