“Hesab edirəm ki, neft vəsaitləri daha gəlirli sahələrə yatırılsa, o zaman gəlirlərin həcmi daha böyük olacaq”
Azərbaycanın 10 ay ərzində 45 milyard dollara çatmış strateji valyuta ehtiyatları dünya maliyyə böhranına müqavimət məqsədli tədbirlərin uğurla həyata keçirilməsi, iqtisadi, sosial, ekoloji və digər məsələlərin həlli üçün imkanlar yaradır.
Məlum olduğu kimi, bunu parlament komitələrinin iclasında dövlət büdcəsinin müzakirəsi zamanı Dövlət Neft Fondunun (SOFAZ) icraçı direktoru Şahmar Mövsümov deyib.
Ş.Mövsümovun sözlərinə görə, 2019-cu il üçün SOFAZ-ın baza göstəriciləri də dövlət büdcəsinin parametrləri kimi neftin bir barreli üçün 60 dollar orta illik qiymətinə əsasən formalaşdırılıb. Buna uyğun olaraq, SOFAZ-ın 2019-cu il üzrə gəlirləri 15,579 milyard manat həcmində proqnozlaşdırılır ki, bu da 2017-ci ilin göstəricisindən 28,4 faiz, 2018-ci ilin proqnozundan isə 1,8 faiz çoxdur.
İcraçı direktor qeyd edib ki, fondun gəlirlər strukturunda 13,218 milyard manatı neft və qaz satışlarından gəlirin payına düşəcək.
Ş.Mövsümov əlavə edib ki, SOFAZ-ın 2019-cu il üçün xərcləri 11,364 milyard manat həcmində proqnozlaşdırılır ki, bu da 2017-ci ilin göstəricisindən 3,3 faiz çox, 2018-ci ilin proqnozundan isə 0,7 faiz azdır. Onun sözlərinə görə, SOFAZ-ın 2019-ci il üçün büdcə profisiti 4,214 milyard manat həcmində proqnozlaşdırılır.
Ş.Mövsümov onu da vurğulayıb ki, 2019-cu ildə Azərbaycanın icmal büdcəsinin xərclərinin ortamüddətli və uzunmüddətli idarə olunması üzrə yeni büdcə qaydalarının tətbiq olunması dövlət büdcəsinin neft qiymətlərinin dəyişkənliyindən asılılığını azaldacaq: "Yeni qaydaların tətbiq olunması sayəsində ÜDM-də qeyri-neft kəsirinin 1,7 faiz azaldılması planlaşdırılır”.
Fondun icraçı direktorunun açıqlamasından belə məlum oldu ki, gəlirlər təkcə neft və qaz satışından formalaşmayacaq. Yəni vəsaitlərin idarə olunmasından da gəlirlər daxil olacaq. Ümumən bu, yaxşı tendensiyadır və bunun yüksələn xətt üzrə inkişaf etməsi arzuediləndir.
Məsələyə münasibət bildirən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın sözlərinə görə, gələrlərin bir qismi Neft Fondunun vəsaitlərinin idarə edilməsindən gələcək: “Əsas gəlir təbii ki, neft və qaz satışından əldə olunacaq. Gələn il Neft Fondunun gəlirləri 15,5 milyard manatdan çox olacaq. Bunun 1,5 milyard manatı vəsaitlərin idarə edilməsindən əldə ediləcək. Müşahidələr göstərir ki, neft vəsaitlərinin idarə olunmasından əldə olunan gəlirlərin həcmi ilbəil artır. Məsələ ondadır ki, vəsaitlərin idarə edilməsindən əldə olunan gəlirlər əvvəl 500 milyon idisə, sonra bu, 600 milyon oldu, daha sonra isə bu rəqəm iki dəfə artdı. Artım indi də davam edir. Ona görə artır ki, neftdən əldə olunan vəsaitləri müxtəlif instrumentlərə yatırırlar. Belə ki, sözügedən vəsaitləri qiymətli kağızlara və bu kimi müxtəlif aksiyalara yatırırlar. Nəticədə həmin aksiyalar daha çox gəlir gətirməyə başlayır. Hesab edirəm ki, neft vəsaitləri daha gəlirli sahələrə yatırılsa, o zaman gəlirlərin həcmi daha böyük olacaq. Bu istiqamətdə də işlər gedir. Sözügedən məsələdə ikinci amili də nəzərə almaq lazımdır. İş ondadır ki, Neft Fondunun kapitalı artdıqca, əldə olunan gəlirlər də artır. Neft Fondunun ümumi kapitalı 39 milyard dollardan çoxdur. Bu da indiki halda kiçik rəqəm deyil”.
Vidadi ORDAHALLI