Könül Nuriyeva: “Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycan iqtisadiyyatının inkişafı ilə bağlı açıqladığı proqnoz gələn il özünü tam şəkildə doğruldacaq”
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda iqtisadi artımı 2018-ci ildə 1,5 faiz, 2019-cu ildə 3,5 faiz səviyyəsində proqnozlaşdırır. Bu barədə bankın "Regional iqtisadi perspektivlər: ticarət münaqişələrinin kölgəsində" hesabatında deyilir. Hesabatda qeyd olunur ki, Azərbaycan iqtisadiyyatının bərpası makroiqtisadi sabitliyin təmin olunması üzrə tədbirlər və yüksək neft qiymətləri ilə dəstəklənir.
Hesabat müəllifləri vurğulayırlar ki, Dövlət Neft Fondunun aktivlərinin və Mərkəzi Bankın beynəlxalq ehtiyatlarının ümumi həcmi 44,5 milyard dollar təşkil edib ki, bu da ötən ilin sonu ilə müqayisədə 8,2 faiz çoxdur: “Manatın dollara nisbətən məzənnəsi 2017-ci ilin aprelindən sabit səviyyədə qalıb. İnflyasiyanın artım templəri 12,9 faizdən 2,6 faizədək düşüb”.
Qeyd edək ki, ölkə iqtisadiyyatının hazırkı inkişafı və gələcək inkişafı haqqında bir çox məşhur beynəlxalq agentlik proqnoz verir.
İqtisadçı-ekspert Könül Nuriyeva “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycan iqtisadiyyatının inkişafı ilə bağlı açıqladığı proqnoz gələn il özünü tam şəkildə doğruldacaq: “Proqnozda bildirilir ki, 2019-cu il Azərbaycan iqtisadiyyatı 3,5 faiz artacaq. 3,5 faizlik artımın baş verməsi gözləniləndir. Artım əsasən qeyri-neft sektorunun müxtəlif sahələrində olacaq. “Strateji Yol Xəritəsi”ndə müəyyən olunan hədəflər növbəti illər ərzində öz nəticəsini tam şəkildə göstərəcək. “Strateji Yol Xəritəsi”nin əsas hədəfi ondan ibarət idi ki, qeyri-neft sektoru inkişaf etsin. Bəllidir ki, prioritet sahələrdən biri kənd təsərrüfatı və turizmdir. Aqrar və turizm sektoru ilə bağlı qarşıya qoyulmuş hədəf artıq müsbət nəticəsini büruzə verir. Danılmaz faktdır ki, son zamanlar ölkəmizə gələn turistlərin sayı artmaqda davam edir. Qarşıdakı illərdə də turist sayının daha da artıq olacağı gözlənir. Turist sayının artması ölkəyə valyuta həcminin artmasına səbəb olacaq. Valyuta həcminin artması isə yeni iş yerlərinin açılmasına səbəb olacaq”.
Həmsöhbətimizin sözlərinə görə, ölkədə aparılan iqtisadi islahatlar beynəlxalq təşkilatların iqtisadi rəqəmlərində öz əksini tapır. Ölkə iqtisadiyyatının 2019-cu ildə də inkişafı gözləniləndir: “Ölkə iqtisadiyyatına yatırılacaq sərmayələrin həcmində artım qeydə alınacaq. İqtisadi inkişaf insanların yeni iş yerləri ilə təmin edilməsi deməkdir”.
Günel CƏLİLOVA