Vüqar Bayramov: “Xaricdə Azərbaycan ticarət evlərinin açılması “Made in Azerbaijan” brendinin tanıdılması, ölkəmizdə istehsal olunan məhsulların xarici bazarlara çıxışının təmin edilməsi baxımından əhəmiyyətlidir”
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, ölkəmizdə istehsal edilən məhsulların ixracının genişləndirilməsi, “Made in Azerbaijan” brendinin xaricdə tanıdılması məqsədilə müxtəlif ölkələrdə ticarət evlərinin açılması prosesi sürətlə davam etdirilir.
Xaricdə ticarət evlərinin yaradılması həm təbliğat, həm də ixrac imkanlarımızın genişləndirilməsi baxımından olduqca əhəmiyyətlidir. Artıq bir sıra ölkələrdə “Azərbaycan Ticarət Evi” yaradılıb. Məlumat üçün bildirək ki, ölkəmizin Ticarət Evi ilk olaraq Rusiyada yaradılıb. Daha sonra bu iş MDB məkanındakı bir sıra ölkələrdə də həyata keçirilib. Ölkəmizin sonuncu Ticarət Evi isə bu günlərdə Çinin Lucou şəhərində açılıb.
2019-cu ildə Azərbaycanın xaricdə daha 10 Ticarət Evi açacağı gözlənir. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifələrini icra edən Yusif Abdullayev media nümayəndələrinə açıqlamasında deyib. O qeyd edib ki, bu istiqamətdə danışıqlar aparılıb. AZPROMO rəhbəri söhbətin konkret olaraq hansı ölkələrdən getdiyini açıqlamayıb.
İqtisadçı-ekspert Vüqar Bayramov bildirdi ki, xaricdə Azərbaycan ticarət evlərinin açılması “Made in Azerbaijan” brendinin tanıdılması, ölkəmizdə istehsal olunan məhsulların xarici bazarlara çıxışının təmin edilməsi baxımından əhəmiyyətlidir: “Xatırldım ki, ötən ay Çində “Azərbaycan Ticarət Evi” açıldı. Polşada, yəni Avropa Birliyində Ticarət Evinin açılması prosesi başa çatmaq üzrədir. Həmçinin, MDB məkanında ticarət evləri var. Ticarət evlərinin açılması, prakitiki olaraq, Azərbaycan məhsullarının daha geniş coğrafiyaya ixrac edilməsi və sözügedən ölkələrlə xarici ticarət əlaqələrinin genişləndirilməsinə xidmət edir. Bu ondan xəbər verir ki, Azərbaycan xüsusən də qeyri-neft məhsullarının fərqli məkanlara ixrac edilməsində maraqlıdır. Xarici ölkələrdə Azərbaycan ticarət evlərinin açılması bizim üçün yeni bazarlar deməkdir”.
Həmsöhbətimiz onu da vurğuladı ki, Azərbaycan ənənəvi bazarlarla yanaşı, yeni bazarlara çıxış imkanları əldə etməyə çalışır: “Bununla bağlı ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən xüsusi göstərişlər var. Ticarət evlərinin yaradılması da Azərbaycanın qeyri-neft məhsullarının yeni bazarlara ixrac edilməsi məqsədi daşıyır. Yaxın illər ərzində xarici ölkələrdə Azərbaycan ticarət evlərinin sayının artırılması gözlənir. Ticarət evləri vasitəsilə sahibkarlarımız həmin ölkələrdə həm fərqli sektorlardakı vəziyyəti, eləcə də bazarlarda marketinq araşdırmaları aparılmasını təmin edəcəklər. Bundan əlavə, ticarət evləri həmin ölkələrdə Azərbaycan məhsullarının tanıdılması, birgə layihələrin həyata keçirilməsi və sərmayə qoyuluşlarının reallaşdırılmasına xidmət edəcək”.
Günel CƏLİLOVA