“Aqrar sahədə çalışan, bu sahəyə meylli və kənd təsərrüfatı ilə məşğul olan sahibkarlıq subyektlərinə önəm verilməlidir”
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının təsdiq edilməsi haqqında” Sərəncam imzalayıb.
Sərəncamda bir sıra məqamlara toxunulub. Qeyd olunub ki, insan kapitalının inkişafı hesabına davamlı iqtisadi tərəqqinin təmin edilməsi müasir dövrdə Azərbaycan dövlətinin sosial-iqtisadi siyasətinin əsasını təşkil edir. Ötən illər ərzində bu sahədə kompleks tədbirlər həyata keçirilib, yüksək nailiyyətlər əldə olunub.
Ölkədə əmək ehtiyatlarından səmərəli istifadə, əhalinin məşğulluq və sahibkarlıq imkanlarının genişləndirilməsi, layiqli əməyin dəstəklənməsi, işçi qüvvəsinin rəqabətqabiliyyətliliyinin artırılması və əmək məhsuldarlığının yüksəldilməsi hesabına iqtisadi inkişafın təmin edilməsi Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli, 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə “strateji yol xəritələri”ndə başlıca məqsədlər olaraq müəyyən edilib.
Dövlət başçısı Azərbaycan Respublikasında mövcud demoqrafik meyllərə və inkişaf perspektivlərinə, ölkənin müəyyən olunmuş iqtisadi prioritetlərinə əsaslanmaqla səmərəli məşğulluğun təmin edilməsinə yönəldilmiş uzunmüddətli dövlət məşğulluq siyasətinin formalaşdırılması məqsədilə “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nı təsdiq edib.
Sərəncamdan irəli gələn məsələlərin həlli müvafiq qurumlara tapşırılıb.
O da məlumdur ki, ötən illər ərzində ölkədə məşğulluğun təmin olunması ilə bağlı bir sıra işlər görülüb. Paytaxt və regionlarda yaradılan müxtəlif yeni istehsal və xidmət müəssisələri əhalinin məşğulluğuna müsbət təsir edib. Bütün bunların fonunda, yeni strategiyanın təsdiq olunmasını ekspertlər necə dəyərləndirirlər?
Məsələyə münasibət bildirən ekspert İlqar Hüseynlinin sözlərinə görə, Məşğulluq Strategiyasından irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün bir sıra məqamlara xüsusi diqqət edilməlidir: “Ən başlıcası, ölkədə kiçik və orta sahibkarlığın inkişafına xüsusi önəm verilməlidir. Çünki ölkədə ümumdaxili məhsul istehsalında kiçik və orta sahibkarların payı çox aşağıdır. Məşğulluqla bağlı strateji hədəfə çatmaq üçün kiçik və orta sahibkarlıq subyektlərinin inkişafına nail olmalıyıq. Bura vergi qanunvericiliyinin təkmilləşdirilməsindən tutmuş, bir sıra digər məsələlər daxildir. Bütün fəaliyyət növlərinin lisenziyalaşdırılması sadələşdirilməlidir. Düzdür, son illər bununla bağlı bir sıra işlər görülüb, amma bununla bağlı işləri daha da genişləndirmək lazımdır. Yəni kiçik və orta sahibkarlığın inkişafına dinamik təkan vermək lazımdır. Hesab edirəm ki, məşğulluqla bağlı hədəflərə çatmaq üçün birinci növbədə buna önəm verilməlidir. Eyni zamanda, səhiyyə və təhsil infrastrukturunun da gücləndirilməsi əsas hədəfimiz olmalıdır. İxtisaslı kadrların sayının artırılmasına ciddi səy göstərməliyik. Məsələn, aqrar sahədə çalışan, bu sahəyə meylli və kənd təsərrüfatı ilə məşğul olan sahibkarlıq subyektlərinə önəm verilməlidir. Bu sahə ilə bağlı kadrların hazırlanmasına xüsusi diqqət edilməlidir. Ali məktəblərdə kənd təsərrüfatı ilə bağlı kadrların hazırlanmasına diqqət edilməlidir. O zaman məşğulluqla bağlı ciddi nəticələr əldə etmək mümkün olacaq”.
Vidadi ORDAHALLI