Könül Nuriyeva: “Xarici vətəndaşların Azərbaycan banklarına yerləşdirilən əmanətlərinin həcminin artması banklara etimadın yüksək səviyyədə olması ilə bağlıdır”
Bu ilin sentyabr ayı ərzində qeyri-rezidentlərin Azərbaycanın kommersiya banklarındakı əmanətlərinin həcmi 123,7 mln. manat və ya 17,4% artaraq, oktyabrın 1-nə 835,7 mln. manat təşkil edib. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) aylıq hesabatına istinadən xəbər verilir. Artım həm həm xarici, həm də yerli valyutada yerləşdirilən əmanətlərdə qeydə alınıb. Qeyri-rezindetlərin sentyabr ayı ərzində manatla əmanətləri 68,8%, dollarla əmanətləri isə 10,8% artıb.
Oktyabrın 1-nə əsasən, qeyri-rezidentlərin banklardakı əmanətlərinin 699,5 mln. manatı və ya 83,7%-i xarici, 136,2 mln. manatı və ya 16,3%-i milli valyutada yerləşdirilib.
Xaricilərin Azərbaycan banklarındakı əmanətlərinin 17 faiz artması barədə fikir bildirən iqtisadçı-ekspert Könül Nuriyeva “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, əcnəbi vətəndaşların Azərbaycan banklarına yatırdığı depozitlərin həcmində artım qeydə alınır: “Məlumdur ki, Azərbaycanda investorlar üçün “İnvestisiya təşviqi sənədi” var. Həmin sənədə əsasən, həm yerli, həm də xarici investorlara güzəştlər tətbiq olunur. “İnvestisiya təşviqi sənədi” əsasında xaricilər tərəfindən yatırılan sərmayələrin həcmi artır. Belə olan halda, xarici investorlar əldə etdikləri gəlirin müəyyən hissəsini banka əmanət kimi yerləşdirirlər”.
Həmsöhbətimiz onu da vurğuladı ki, Azərbaycan turizminin inkişafı istiqamətində görülən işlər atıq müsbət nəticəsini büruzə verir. Ölkəmizə səfər edən turistlərin sayı günü-gündən artır: “Biznes məqsədilə ölkəmizə gələn turistlər gətirdikləri valyutanı daha etibarlı mənbədə saxlamaq üçün banklara müraciət edirlər. Bu isə xaricilər tərəfindən Azərbaycan banklarına yatırılan əmanətlərin həcminin artmasına səbəb olar.
Xarici vətəndaşların Azərbaycan banklarına yerləşdirilən əmanətlərinin həcminin artması banklara etimadın yüksək səviyyədə olması ilə bağlıdır”.
Günel CƏLİLOVA