Əkrəm Həsənov: “Sahibkarlara yaradılan şərait sayəsində onlar öz işlərini qurur və əldə etdikləri gəlirin bir hissəsini banka depozit kimi yerləşdirirlər”
Açıqlanan statistik rəqəmlərə əsasən, Azərbaycanda sahibkarlıqla məşğul olan fiziki şəxslərin banklardakı depozitlərinin həcmi artıb. Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikada bildirilir ki, 2018-ci il oktyabrın 1-nə sahibkarlıqla məşğul olan fiziki şəxslərin banklardakı depozitləri 84,2 mln. manat olub. Bu, sentyabr ayının 1-i ilə müqayisədə 3,3 mln. manat və ya 4,1% çoxdur.
Məlumdur ki, bu gün Azərbaycanda sahibkarlıq mühitinin inkişaf etdirilməsi üçün çox əlverilşli mühit formalaşıb. Ekspertlərin fikrincə, sahibkarlıqla məşğul olan fiziki şəxslərin sayı ötən illərə nisbətən artır. Bunun da səbəbi son illər sahibkarlıqla məşğul olmaq istəyən şəxslərə dövlət tərəfindən dəstək göstərilməsidir. Bu səbəbdən də sahibkarlıqla məşğul olanların banka yerləşdirdikləri əmanətlərin həcmi artıb.
Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, sahibkarlıqla məşğul olan fiziki şəxslərin bank hesablarında olan pulun məbləği artıb: “Sahibkar banka yerləşdirdiyi depoziti əsasən öz fəaliyyəti üçün istifadə edir. Müəyyən müddət sonra həmin vəsait sayəsində yeni iş qurur və ya hansısa sahədə istifadə edir”.
Həmsöhbətimiz onu da vurğuladı ki, sahibkarlıqla məşğul olan fiziki şəxslərin banka yerləşdirdikləri depozitin həcminin artması gözləniləndir: “Nağdız hesablaşma haqqında” Qanunda qeyd olunur ki, nağd ödənişlər məhdudlaşdırılmalıdır. Bu səbəbdən də sahibkarlıqla məşğul olan fiziki şəxslər nağdsız qaydada ödəniş etməyə məcburdurlar. Onu da bildirim ki, bu qayda sahibkarlara sərf edir. Bu səbəbdən də sahibkarlar vəsaitlərini banka depozit kimi yerləşdirirlər”.
Ekdspert onu da vurğuladı ki, sahibkarlara yaradılan şərait sayəsində onlar öz işlərini qurur və əldə etdikləri gəlirin bir hissəsini banka depozit kimi yerləşdirirlər.
Günel CƏLİLOVA