Vahid Məhərrəmov: “İnsanlar toyuq və ya kiçik buynuzlu heyvanın gözünün qabağında kəsilməsini istəyir, əhalinin istəyini nəzərə alıb ona uyğun addım atmaq lazımdır”
Xəbər verildiyi kimi, ölkədə diri toyuqların satışı məhdudlaşdırılacaq. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, AQTA və Quşçular Cəmiyyəti birgə bəyanat qəbul edib.
Bəyanatda bildirilir ki, agentlik tərəfindən müvafiq sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərində diri quşların nəqli və açıq satışının, mövcud normativlərə əsasən nəmlik dərəcəsi və digər keyfiyyət göstəriciləri standartlara uyğun olmayan quş ətinin və yumurtanın idxalı və satışının, tullantıların idarə edilməsi və zərərsizləşdirilməsi (utilizasiya) qaydalarına əməl etməyən quşçuluq təsərrüfatlarının fəaliyyətlərinin məhdudlaşdırılması və ölkəyə idxal olunan quşçuluq məhsulları üzərində effektiv risq əsaslı nəzarət tədbirlərinin gücləndirilməsi həyata keçiriləcək.
Azərbaycanda diri quşların nəqli və açıq satışının məhdudlaşdırılması barədə fikir bildirən aqrar sahə üzrə ekspert Vahid Məhərrəmov qəzetimizə açıqlamasında qeyd etdi ki, diri toyuqların küçədə sərbəst şəkildə satışı bir müddət öncə də qadağan olunmuşdu: “Qadağanın səbəbi bir neçə il öncə yayılan quş qripi xəstəliyi idi. Xəstəliyin yayılma təhlükəsi olduğu üçün o zaman diri toyuq satışı qadağan olunmuşdu. Hazırda diri toyuqların satışının məhdudlaşdırılmasının səbəbi isə gigiyenik qaydalara riayət olunması ilə bağlıdır. Məlumdur ki, Qida Təhlükəsizliyi Agentliyi və Quşçular Cəmiyyəti sanitar qaydalara əməl etmək məqsədilə diri toyuq satışını məhdudlaşdırır”.
Həmsöhbətimiz onu da bildirdi ki, tətbiq olunan yeni qaydanın necə effekt verəcəyi hələ bəlli deyil: “Nəzərə almaq lazımdır ki, insanlar toyuq və ya kiçik buynuzlu heyvanın gözünün qabağında kəsilməsini istəyir. İnsanların istəyini nəzərə alıb ona uyğun addım atmaq lazımdır. Xarici ölkələrdə toyuq və ya digər quş heyvanlarının açıq şəraitdə hansı formada satıldığı, kəsildiyi araşdırılmalıdır. Xarici ölkələrin təcrübəsindən bəhrələnib analoji qaydanı tətbiq etmək lazımdır”.
Günel CƏLİLOVA