Fikrət Yusifov: “Bu özünü, ilk növbədə, bütün proseslərin şəffaflaşdırılmasında, aydınlaşdırılmasında göstərir”
“Siyasi islahatların dərinləşməsi ölkəmizdə iqtisadi islahatlara daha da böyük təkan verir”. Bu fikirləri “Yeni dünya və yeni insan formalaşdıraq: yaradıcılıq və insan inkişafı” mövzusunda keçirilən VI Bakı Beynəlxalq Humanitar Forumunun açılışında çıxış edən Prezident İlham Əliyev deyib.
Prezidentin sözlərinə görə, Azərbaycanda bütün fundamental azadlıqlar təmin edilib: “O cümlədən söz azadlığı, sərbəst toplaşma azadlığı, mətbuat azadlığı, vicdan azadlığı. Azərbaycan əhalisinin 80 faizdən çoxu internet istifadəçisidir və ölkəmizdə azad internet fəaliyyət göstərir. Beləliklə, siyasi islahatların dərinləşməsi ölkəmizdə iqtisadi islahatlara daha da böyük təkan verir. Çünki sabitliyin mövcud olması ölkəmizə böyük həcmdə xarici sərmayənin gətirilməsinə də gözəl şərait yaradıb”.
Ölkə başçısının çıxışından o da məlum olub ki, Azərbaycan son 15 il ərzində iqtisadi sahədə ən sürətli inkişaf templərini nümayiş etdirib: “Hesab edirəm ki, bu, rekord göstəricidir. Çünki son 15 il ərzində ümumdaxili məhsul 3,2 dəfə artıb və beləliklə, Azərbaycan çox böyük inkişaf yolunu keçib. Biz iqtisadi sahədə tam müstəqillik əldə etmişik. İqtisadi müstəqillik, əlbəttə ki, siyasi müstəqilliyimizi möhkəmləndirir. Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır, xarici kreditlərdən asılı iqtisadiyyat deyil. Biz nəinki kreditlərin alınmasını demək olar ki, dayandırmışıq, özümüz bəzi ölkələrə kreditlərin verilməsinə başlamışıq”.
O da məlumdur ki, ölkənin iqtisadi inkişafında siyasi iradə və bu sahədə aparılan islahatlar mühüm çəkiyə malikdir. Siyasi islahatlar nəticə etibarilə iqtisadi sahədə də islahatların aparılmasına və bu sahədə artıma öz təsirini göstərir.
Maraqlıdır, bəs ekspertlər bu amilin rolunu necə dəyərləndirirlər?
Məsələyə münasibət bildirən iqtisad elmləri doktoru Fikrət Yusifovun sözlərinə görə, Prezidentin bununla bağlı səsləndirdiyi fikirlər tamamilə reallığı əks etdirir: “Prezident siyasi islahatların, iqtisadi islahatlarla vəhdət təşkil etdiyini xüsusi qeyd etdi. Təbii ki, islahatlar tək iqtisadi sferada aparılmır. O cümlədən, siyasi sferada da ciddi islahatlar həyata keçirilir. Bu özünü ilk növbədə bütün proseslərin şəffaflaşdırılmasında, aydınlaşdırılmasında göstərir. Məhkəmə sisteminin şəffaflaşdırılması, ondan sonra idarəçilikdə bütün sistemlərin şəffaflaşdırılması öz bəhrəsini verir. Baxın, idarəçilikdə şəffaflaşdırma ilə bağlı atılan son addımlar artıq dünyada böyük marağa səbəb olub. Artıq dünya ölkələri bizdən öyrənir. Xüsusi ilə də “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti sayəsində vətəndaş-məmur münasibətlərinin tam şəffaflaşdırılması deyilənlərə əyani sübutdur. Bütün bunlar iqtisadi sahədə aparılan islahatlar üçün böyük bir meydan açır. Onun daha rahat və uğurla getməsi üçün şərait yaradır və buna əlverişli zəmin formalaşdırır. Bu gün Azərbaycan iqtisadiyyatının əldə etdiyi uğurlu nəticələr və artıq onun yenidən sürətli inkişaf yoluna qədəm qoymasının kökündə dayanan əsas məsələlərdən biri də siyasi müstəvidə aparılan islahatlar və bunların uğur əldə etməsidir”.
Vidadi ORDAHALLI