Fikrət Yusifov: “Azərbaycan mənfur düşmənimiz olan Ermənistanı qeyd olunan sahədə 30 dəfə üstələyir, Gürcüstanla müqayisədə isə 6-7 dəfə üstündür”
"Siyasi islahatların dərinləşməsi ölkəmizdə iqtisadi islahatlara daha da böyük təkan verir. Çünki sabitliyin mövcud olması ölkəmizə böyük həcmdə xarici sərmayənin gətirilməsinə də gözəl şərait yaradıb. Adambaşına düşən sərmayələrin həcminə görə Azərbaycan dünya miqyasında aparıcı yerlərdədir. Qeyd etməliyəm ki, ölkə iqtisadiyyatına 250 milyard dollardan çox sərmayə qoyulub ki, bu sərmayənin yarısı xaricdən gələn vəsaitdir". Bunu Prezident İlham Əliyev “Yeni dünya və yeni insan formalaşdıraq: yaradıcılıq və insan inkişafı” mövzusunda keçirilən VI Bakı Beynəlxalq Humanitar Forumunun açılışında çıxışı zamanı deyib.
Adambaşına düşən sərmayələrin həcminə görə Azərbaycanın dünya miqyasında aparıcı yerdə olmasını son zamanlar açıqlanan beynəlxalq hesabatlar da təsdiq edir.
İqtisadçı-ekspert, professor Fikrət Yusifov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, adambaşına düşən sərmayələrin həcminə görə ölkəmiz xarici ölkələrlə müqayisədə üstündür: “Statistik rəqəmlərə nəzər salsaq görərik ki, ötən il yatırılan sərmayələrin həcmində artım qeydə alınıb. Bu ilin doqquz ayında da vəziyyət müsbətə doğru dəyişir. Belə ki, yanvar-sentyabr ayları ərzində yatırılan sərmayələrin həcmi 9 milyard səviyyəsində olub. Məlumat üçün bildirim ki, ötən il və bu il ərzində yatırılan sərmayələr əsasən xarici investisiyalardır. Bu isə olduqca böyük göstəricidir”.
Həmsöhbətimizin sözlərinə görə, qonşu ölkələrlə müqayisədə adambaşına düşən sərmayələrin həcminə görə ölkəmiz ön sıradadır: “Azərbaycan mənfur düşmənimiz olan Ermənistanı qeyd olunan sahədə 30 dəfə üstələyir, Gürcüstanla müqayisədə isə 6-7 dəfə üstündür. Göstəricilər olduqca yüksəkdir və sevindiricidir”.
Həmsöhbətimiz onu da vurğuladı ki, hədəfin daha yüksək olması qarşıya məqsəd qoyulub: “İnvestisiyaların cəlb olunması ilə bağlı daha böyük hədəflərə nail olunacaq”.
Günel CƏLİLOVA