Fikrət Yusifov: “Bu isə ölkəyə yeni investisiya axınlarının baş verəcəyini deməyə əsas yaradır”
Azərbaycanda xarici kapitalla 9934 sahibkarlıq subyekti qeydiyyatdan keçib. Xəbər verildiyi kimi, bunu Vergilər Nazirliyinin Dövlət Qeydiyyatı və Uçot Departamentinin baş direktoru Ələkbər Məmmədov deyib. Ə.Məmmədov bildirib ki, bu rəqəm ölkədə qeydiyyata alınmış hüquqi şəxslərin 15,1 faizini təşkil edir: “Qeyri-rezidentlərə “ASAN İmza” mobil elektron imzasının verilməsi xarici kapitalla şirkətlərin sayının artmasına xidmət edəcək. Bu ilin 9 ayının yekunlarına əsasən, xarici kapitalla şirkətlərin sayı bir qədər də artıb”.
O da məlum olub ki, bu il xarici kapitallı 918 şirkət yaradılıb, 52 şirkət isə ləğv edilib. Xarici kapitallı müəssisələrin sayında isə 1 il ərzində 16,2 faiz artım qeydə alınıb.
Şübhəsiz ki, Azərbaycanda aparılan məqsədyönlü və sistemli islahatlar bu sahədə də müsbət tendensiyaların müşahidə olunmasına xidmət edir. Yəni aparılan islahatlar nəticəsində prosedurlar əhəmiyyətli dərəcədə asanlaşır və bu da, öz növbəsində, daha çox xarici kapitalla fəaliyyət göstərən müəssisənin yaranmasına şərait yaradır. Bu həm də ölkədə qeyri-neft sektorunun inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. İstənilən ölkənin iqtisadi inkişafında xarici kapital bu və ya digər dərəcədə rol oynayır. Ona görə də biz çalışmalıyıq ki, Azərbaycana daha çox xarici sərmayə gəlsin. İqtisadiyyatın hərtərəfli inkişafı baxımından bu çox vacibdir. Müşahidələr göstərir ki, məlum yeniliklərdən sonra qarşıdakı illərdə xarici kapitalla ölkədə fəaliyyət göstərən müəssisələrin sayı daha da artacaq. Bütün bu deyilənlərin fonunda indiyədək Azərbaycanda xarici kapitalla 10 minədək sahibkarlıq subyektinin qeydiyyatdan keçməsi necə göstəricidir?
Məsələyə münasibət bildirən iqtisad elmləri doktoru Fikrət Yusifovun sözlərinə görə, ümumən bu yaxşı göstəricidir: “Azərbaycanda bu gün xarici investisiyalar üçün olduqca münbit bir mühit formalaşıb. Son bir neçə ildə bu mühitin daha əlçatan oıması üçün ciddi addımlar atılıb. Vergi və gömrük sistemində aparılan islahatlar, investisiyaların və ixracın təşviqi bu məkana yatırım etmək istəyən xarici investorların diqqətini daha çox cəlb edir. Bu səbəbdəndir ki, xarici investisiyaların həcmi ildən-ilə daha da çoxalır. Gələn il iqtisadi islahatların yeni mərhələsi başlayır. Bu, sürətli iqtisadi islahatlar ili olacaq. Bu isə Azərbaycana yeni investisiya axınlarının baş verəcəyini deməyə əsas yaradır. Ona görə də bu istiqamətdə gedən tendensiyanı müsbət dəyərləndirirəm”.
Vidadi ORDAHALLI