Fuad İbrahimli: “Çinlə ticarət dövriyyəsinin daha da artırılması üçün…”
Azərbaycan-Çin əlaqələri uğurla inkişaf edir. Hər iki ölkə arasında əlaqələrin inkişaf etməsi ticarət dövriyyəsinin artmasına səbəb olub. Açıqlanan statistik rəqəmlərə əsasən, 2017-ci ildə Azərbaycan və Çin arasında ticarət dövriyyəsi 20 faiz artıb. Bu ilin yanvar-sentyabr aylarında isə ölkələrimiz arasında ticarət dövriyyəsi 848,9 milyon ABŞ dolları təşkil edib. 2017-ci ildən Azərbaycanın Çində ticarət nümayəndəsi fəaliyyət göstərir ki, bu, ölkələrimiz arasında ticarət əlaqələrinin inkişafında əhəmiyyətlidir.
Bir neçə gün öncə “Azərbaycan İnvestisiya Şirkəti" ASC və Çinin "Milli Elektrik Mühəndisliyi Ko. Ltd" (CNEEC) şirkəti arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Görüşdə iştirak edən iqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan CNEEC şirkətinin nümayəndələri ilə görüşüb və hər iki ölkə arasında iqtisadi münasibətlərdən söhbət açılıb.
Nazir Ş.Mustafayev Azərbaycan-Çin əlaqələrinin uğurla inkişaf etdiyini, Azərbaycan və Çin dövlət başçılarının siyasi iradəsinin ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsində önəmini vurğulayıb. Qeyd olunub ki, iki ölkə arasında siyasi münasibətlərin yüksək səviyyədə olması iqtisadi əməkdaşlığın, investisiya qoyuluşlarının və ticarət əlaqələrinin genişləndirilməsinə müsbət töhfəsini verir.
Ekspertlərin fikrincə, Çinlə ticarət əlaqələri daha da artırılmalıdır. Adıçəkilən ölkədə Azərbaycan ticarət evi açılıb və şirkətlərlə qarşılıqlı anlaşma müqaviləsi imzalanıb.
İqtisadçı-ekspert Fuad İbrahimli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Çinlə iqtisadi əməkdaşlıq olduqca sərfəlidir: “Çinlə ticarət dövriyyəsinin daha da artırılması üçün əməkdaşlıq genişləndirilməlidir. Bunun üçün, ilk növbədə, Azərbaycan iqtisadiyyatının liberallaşması daha da artmalıdır və bazar münasibətlərində daha çox azad şərait yaradılmalıdır”.
Həmsöhbətimizin sözlərinə görə, hazırda qarşıya qoyulan məqsədlərdən biri də qeyri-neft sektorunun inkişaf etdirilməsidir. Bəllidir ki, bu istiqamətdə çoxlu sayda iş görülür: “Ölkəmizdə istehsal olunan məhsullar Çinə ixrac olunmalıdır. Bunun üçün bəzi işlər görülməlidir. Çini tək idxal ölkəsi kimi tanınmamalıyıq, məhsullarımızı gələcəkdə qeyd olunan ölkəyə ixrac etməliyik. Bunun üçün aidiyyəti qurumlar tərəfindən müəyyən işlər görülməlidir”.
İqtisadçı onu da vurğuladı ki, son zamanlar Azərbaycan-Çin əlaqələri inkişaf edir: “Çinin bəzi şirkətləri Azərbaycana maraq göstərir və əməkdaşlıq etmək istəyirlər. Azərbaycan-Çin iqtisadi münasibətləri daha da inkişaf edərsə, bu, ölkə iqtisadiyyatına müsbət təsir göstərər”.
Günel CƏLİLOVA