Əli Əlirzayev: “Azərbaycanla Türkiyə arasında münasibətlər siyasi nüfuzla yanaşı, gələcəkdə iqtisadi əməkdaşlığı daha da gücləndirəcək və qeyri-neft sektoruna yönəldilən investisiyaların həcminin artmasının şahidi olacağıq”
Açıqlanan statistik rəqəmlərə əsasən, Azərbaycan Türkiyəyə 14,5 milyard ABŞ dolları dəyərində investisiya yatırıb. Bu barədə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov "Türkiyə ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıqda yeni üfüqlər" adlı simpoziumda deyib. O bildirib ki, yatırılan investisiyaların 13 milyard dolları neft sektoruna, 1,5 milyard dolları isə qeyri-neft sektoruna yatırılıb. Türkiyənin isə Azərbaycana qoyduğu investisiyaların həcmi 11,8 milyard ABŞ dolları dəyərindədir ki, bunun da 9,1 milyard dolları neft, 2,7 milyard dolları isə qeyri-neft sektoruna yönəldilib.
Ekspertlərin fikrincə, iki ölkə arasında münasibətlər qarşılıqlı iqtisadiyyatın daha da inkişaf etməsinə səbəb olacaq.
İqtisadçı-ekspert Əli Əlirzayev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycan və Türkiyə aparıcı iqtisadi tərəfdaşlardır: “Ölkələr arasında ticarət dövriyyəsi və qarşılıqlı investisiyaların həcmi artır. Qarşılıqlı investisiya qoyuluşu üçün çox müsbət siyasi və iqtisadi mühit formalaşıb. Azərbaycanla Türkiyə arasındakı münasibətlər siyasi nüfuzla yanaşı, gələcəkdə iqtisadi əməkdaşlığı daha da gücləndirəcək. Gələcəkdə qeyri-neft sektoruna yönəldilən investisiyaların həcminin artmasının şahidi olacağıq”.
Həmsöhbətimizin sözlərinə görə, Azərbaycan artıq investor ölkə kimi tanınır: “Məlumdur ki, bu günlərdə Türkiyənin İzmir şəhərində “Star” zavodunun açılışı oldu. Həmin zavodun açılması ilə Azərbaycanın investor ölkə olması dünyaya bir daha bəyan edildi. “Star Rafineri”nin yaradılması üçün Azərbaycan 6,3 milyard dollar yatırım edib. Bundan əlavə, Azərbaycan Türkiyə iqtisadiyyatının bir sıra sahələrinə investisiya yatırıb. Məlumat üçün bildirim ki, SOCAR-ın Türkiyə iqtisadiyyatında aktiv fəaliyyəti nəticəsində Azərbaycan qeyd olunan ölkənin iqtisadiyyatına yönəldilən sərmayələrdə ilk beşliyə daxil olub”.
Həmsöhbətimiz onu da qeyd etdi ki, Azərbaycan tərəfindən Türkiyə iqtisadiyyatına yatırılan sərmayənin artması əhəmiyyətlidir. Bu, yeni iş yerlərinin yaradılması, sosial təminatın gücləndirilməsi baxımından vacibdir: “Eynilə Türkiyə tərəfindən Azərbaycan iqtisadiyyatına sərmayə qoyulması olduqca əhəmiyyətlidir. Qarşılıqlı sərmayə qoyuluşu iqtisadi və dayanıqlı inklüziv inkişafa töhfə vermiş olacaq”.
Günel CƏLİLOVA