İlqar Hüseynli: “… təqdir olunası bir addımdır”
Digər vətəndaşlara məxsus şəxsi mənzilləri zəbt etmiş məcburi köçkünlər yeni evlərə köçürüləcək. Bu barədə 2019-cu il dövlət büdcəsinin zərfində qeyd edilib. Sənəddə bildirilib ki, bu məsələ 2019-2022-ci illər üzrə qaçqınlar və məcburi köçkünlər üzrə dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilib.
Digər prioritetlər isə Bakı və Sumqayıt şəhərlərində qəzalı obyektlərdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərə köçürülməsi, sahibkarlıq fəaliyyəti ilə məşğul olan məcburi köçkünlərə mikrokreditlərin verilməsi olacaq.
Digər vətəndaşlara məxsus şəxsi mənzilləri zəbt etmiş məcburi köçkünlərin yeni evlərə köçürülməsinin vacibliyi barədə danışan sosial sahə üzrə ekspert İlqar Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, məcburi köçkünlərin vəziyyəti nəzərə alınaraq onlarla bağlı müəyyən işlər həyata keçirilir: “Digər vətəndaşların mənzilləri məcburi köçkünlər tərəfindən zəbt olunduğu üçün, onların mülkiyyət hüquqi pozulurdu. Bu səbəbdən də qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı dövlət tərəfindən müəyyən işlər görülür. Məcburi köçkünlər üçün mənzillər tikilir, böyük qəsəbələr salınır. Və çoxlu sayda qaçqın ailəsi həmin qəsəbələrdə onlar üçün tikilən mənzillərə köçürülüb. 2019-cu ilin dövlət büdcə layihəsində başqalarının mənzilini zəbt edən məcburi köçkünlərin mənzillə təmin olunması qeyd olunub. Bu olduqca müsbət qərardır. Başqalarının mənzillərində yaşayan məcburi köçkün ailələri onlar üçün salınacaq yeni qəsəbəyə köçürüləcək”.
Həmsöhbətimiz hesab edir ki, qaçqın və məcburi köçkünlər üçün yeni mənzillərin tikilərək onların istifadəsinə verilməsi təqdir olunası bir addımdır. Məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması alqışlanmalıdır: “Digər mülkiyyətçinin mənzilini zəbt edən məcburi köçkünlərin yeni mənzillə təmin olunması tezləşdirilməlidir. Həmin mülkiyyətçi qısa müddətdə ona məxsus olan mənzilə köçməlidir”.
Günel CƏLİLOVA