Ruslan Atakişiyev: “Mərkəzi büdcənin vəsaitləri daha çox dövlət əhəmiyyətli iri layihələrin maliyyələşdirilməsinə yönəldiləcək”
2019-cu ilin dövlət büdcəsindən 8 şəhərə və 26 rayona dotasiya ayrılmayacaq. Belə ki, gələn il Azərbaycanın 34 rayon və şəhəri xərclərini öz gəlirləri hesabına təmin edəcək.
Məlum olduğu kimi, bu barədə “2019-cu ilin dövlət büdcəsi haqqında” qanun layihəsində qeyd edilib. 2019-cu il dövlət büdcəsi gəlirlərinin tərkib hissəsi olan yerli gəlirlər (Bakı şəhərinə aid olan hissəsi nəzərə alınmaqla) 736,8 milyon manat nəzərdə tutulur ki, bu da 2018-ci il ilin müvafiq göstəricisi ilə müqayisədə 83,4 milyon manat və ya 12,8 faiz çoxdur.
Növbəti ildə yerli xərcləri tənzimləmək üçün dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılan maliyyə yardımının (dotasiyanın) yerli xərclərin tərkibində xüsusi çəkisi 12,4 faiz təşkil edəcək ki, bu da cari illə müqayisədə 2,6 faiz çoxdur.
2019-cu ildə 34 rayon və şəhər, o cümlədən Gəncə, Lənkəran, Mingəçevir, Naftalan, Sumqayıt, Şəki, Şirvan, Yevlax şəhərləri, Abşeron, Ağcabədi, Ağdaş, Astara, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, Xaçmaz, İmişli, İsmayıllı, Kürdəmir, Qazax, Qəbələ, Quba, Qubadlı, Qusar, Masallı, Neftçala, Saatlı, Sabirabad, Salyan, Siyəzən, Şabran və Şamaxı rayonları xərclərini öz gəlirləri hesabına təmin edəcək.
Ümumilikdə, son illər büdcədən dotasiya almayan rayonların sayı artır. Məsələn, 2012-ci ildə yalnız Abşeron rayonu dotasiya almırdı. 2013-cü ildə bu rəqəm 3-ə çatdı. Abşerondan başqa, Sumqayıt və Şirvan şəhəri də siyahıya daxil oldu. 2015-ci ildə bu rəqəm 6-ya yüksəldi. Sonrakı illərdə də belə rayonların sayı artdı.
Bütövlükdə, gələn il 34 rayon və şəhərin xərclərini öz gəlirləri hesabına təmin etməsini ekspertlər necə şərh edirlər?
Məsələyə münasibət bildirən İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin direktoru Ruslan Atakişiyev dövlət büdcəsindən dotasiya almayan şəhər və rayonların artmasını müsbət dəyərləndirdi: “Əvvəllər rayon və şəhərlər əsasən mərkəzu büdcədən maliyyələşirdi və bu da büdcənin yükünü artırırdı. Sonra görülən tədbirlər sayəsində rayonlar öz daxili inzibati ərazilərində formalaşmış imkanlar çərçivəsində özlərini maliyyələşdirməyə başladılar. Belə rayon və şəhərlərin sayının artması müsbət haldır. Bu siyasətin mahiyyəti ondan ibarətdir ki, rayonların mərkəzi büdcədən asılılığı azalır. Yəni bu, rayonların mərkəzi büdcədən asılılığını azaltmaqla yanaşı, həm də bölgələrə stimul verir. Stimul verir ki, rayonlar öz daxili iqtisadi siyasətini müstəqil şəkildə qursunlar. Nəticədə bölgələr inkişafda maraqlı olmaqla yanaşı, vəsaitləri müstəqil şəkildə idarə edə bilsinlər. Bunun digər başlıca müsbət tərəfi ondan ibarətdir ki, bu həm də mərkəzi büdcənin yükünün azalmasına gətirib çıxarır. Bunun sayəsində dövlət büdcəsinə qənaət etmək mümkün olacaq. Eyni zamanda, mərkəzi büdcənin vəsaitləri daha çox dövlət əhəmiyyətli iri layihələrin maliyyələşdirilməsinə yönəldiləcək. Həmin vəsaitlər aşağı büdcələrin hər hansı bir xərclərinin bağlanmasına yönəldilmir. O baxımdan bununla bağlı aparılan siyasətə müsbət yanaşıram. Hesab edirəm ki, bu, bütün hallarda, mərkəzi büdcənin yükünün azalmasına öz müsbət təsirini göstərəcək”.
Vidadi ORDAHALLI