Vüqar Bayramov: “Yaşayış minimumunun və ehtiyac meyarının artırılması qarşıdakı illərdə əmək standartının tətbiq olunmasına imkan verəcək”
Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarının həddi artırılacaq. Bu barədə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi zərfində deyilir. “Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında” qanun layihəsinə əsasən, gələn il üçün yaşayış minimumu ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat məbləğində müəyyən ediləcək.
Məlumat üçün bildirək ki, 2018-ci il üçün yaşayış minimumu ölkə üzrə 173 manat, əmək qabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün isə 154 manat məbləğində müəyyən edilib.
Bundan başqa, “Azərbaycan Respublikasında 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsinə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə növbəti il üçün ehtiyac meyarının həddi 143 manat məbləğində olacaq.
Xatırladaq ki, 2018-ci il üçün ehtiyac meyarının həddi 130 manatdır.
Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarının həddinin artırılmasının əhəmiyyəti barədə danışan iqtisadçı-ekspert Vüqar Bayramov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bu vacib addımdır: “Əmək qabiliyyətli insanlar üçün yaşayış minimumu 191 manat müəyyən olunub. Yaşayış minimumunun artırılması əhalinin sosial təminatı baxımından çox vacibdir. Qarşıya qoyulan məqsədlərdən biri də yaşayış minimumunun mərhələli şəkildə artırılmasıdır. Eyni zamanda, yaşayış minimumunun Avropa Şurasının tətbiq etdiyi standartlar səviyyəsinə çatdırılması gözlənir. Minimum əməkhaqqı və yaşayış minimumu arasında əlaqənin formalaşması Avropa Şurasına üzv olan ölkələr üçün bir standart olaraq qəbul olunub. Yaşayış minimumunun artırılması vətəndaşların sosial müdafiəsi baxımından vacibdir. Bu, əməkhaqqı vergisi ödənilən zaman tətbiq olunan güzəşt məbləğinə təsir edəcək”.
Həmsöhbətimiz onu da bildirdi ki, yaşayış minimumunun və ehtiyac meyarının artırılması qarşıdakı illərdə əmək standartının tətbiq olunmasına imkan verəcək.
Günel CƏLİLOVA