“Ölkəmizdə “ASAN xidmət” mərkəzlərinin yaradılması, elektron hökumətin qurulması və digər məsələlərin reallaşdırılması, əlbəttə, yeni texnologiyalara əsaslanır. Eyni zamanda, idarəçilikdə texnologiyaların tətbiqi ilə şəffaflığın, insanların rahatlığının təmin olunması və s. yeni texnologiyaların tətbiqi sahəsində Azərbaycanın uğurlarıdır.
Başqa bir tərəfdən, Azərbaycan artıq kosmik ölkədir və bizim artıq 3-cü kosmik peykimiz orbitə buraxılıb. Bununla da ölkəmiz özünü bir kosmik ölkə kimi də təsdiq etdi və öz əzmini nümayiş etdirdi, Azərbaycanın kosmik sənayenin inkişafı istiqamətində nə qədər israrlı olduğunu ortaya qoydu. Kosmik sənayenin yaxın gələcəkdə Azərbaycan iqtisadiyyatına gətirəcəyi dividendlər, iqtisadiyyatın bir hissəsinin məhz kosmik sənaye hesab etdirilməsi, əlbəttə, diqqətdən yayınmır. Kosmik sənaye deyəndə burada da yenə yeni texnologiyaların tətbiqi nəzərdə tutulur. Bu istiqamətdə də Azərbaycanın gördüyü işlər göz qabağındadır. Azərbaycanın dövlət müstəqilliyinin yaşının çox olmamasına baxmayaraq, aşkar görünür ki, ölkəmiz çox düzgün yoldadır və dövlətimizin siyasi rəhbəri ölkəmizin iqtisadiyyatını məhz yeni texnologiyalar əsasında inkişaf etdirməyi hədəf seçib. Sözsüz ki, robot “Sofiya” Azərbaycanın texnologiya sahəsində qazandığı uğurları, eləcə də bir sıra beynəlxalq layihələrin həyata keçirilməsində oynadığı əhəmiyyətli rolu qeyd edib”. Bu fikirləri robot “Sofiya”nın Azərbaycan Respublikası Prezidenti İlham Əliyevlə dialoqu zamanı səsləndirdiyi “...ölkənizin gənc olmasına baxmayaraq, o, dünya miqyasında böyük layihələr həyata keçirir, yüksək texnologiyaların inkişafına töhfə verir” sözlərini şərh edərkən Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru İlqar Orucov “Bakı-Xəbər”ə bildirib.
İ.Orucov qeyd etdi ki, Azərbaycanda yüksək texnologiyaların tətbiqi, eləcə də bir sıra uğurlu layihələrin həyata keçirilməsinin robot “Sofiya” tərəfindən də diqqətə çatdırılması ölkəmizin tutduğu mövqeyə müsbət münasibətin təzahürüdür: “Azərbaycanın gənc ölkə olmasına baxmayaraq, “Sofiya”nın dediyi kimi, yüksək texnologiyalar sahəsində xeyli nailiyyət əldə edib və bir sıra layihələr həyata keçirib. Əlbəttə, bu, ilk növbədə, ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasətlə, ölkə başçısının insan kapitalının inkişafı ilə bağlı layihələri, imzaladığı dövlət proqramları, yeni nəsil kadrların hazırlanması və s. bağlıdır. Bu gün Azərbaycanda ən yüksək texnologiyaların imkanlarına yiyələnən kadrlar var. Azərbaycan insanı yüksək texnologiyalardan istifadə etmək imkanına malikdir”.
İ.Orucov, həmçinin, onu da vurğuladı ki, ölkə başçısının ölkə iqtisadiyyatının neft kapitalından asılılığını minimuma endirməklə və iqtisadiyyatın şaxələndirilməsi və s. bağlı çağırışları öz uğurlu nəticəsini verir.
İradə SARIYEVA