Rəsul Cahangirli: “Azərbaycanda və Rusiyada sahibkarlıqla məşğul olan qadınlar birgə əməkdaşlıq çərçivəsində bir sıra layihələri həyata keçirə bilərlər”
Rusiyanın Həştərxan vilayətində “Həştərxan-Azərbaycan: qadın sahibkarlığı forumu” başlayıb və oktyabrın 25-dək davam edəcək. “Həştərxan-Azərbaycan: qadın sahibkarlığı forumu”nda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Sahibkar Qadınlar Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva, Universitetlərə Hazırlıq Mərkəzinin (University Foundation Center) təsisçisi Reyhan Hüseynova və başqaları iştirak edirlər.
Rusiya tərəfindən Dövlət Dumasının deputatı Oksana Puşkina, Strateji Təşəbbüslər Agentliyinin rəhbəri Svetlana Çupşeva, BMT-nin sənaye inkişafı üzrə xoşməramlı səfiri Veronika Peşkova, “Delovaya Rossiya” ictimai təşkilarının vitse-prezidenti Tatyana Mineyeva və başqaları tədbirə qatılıblar.
Forum çərçivəsində “Qadın sahibkarlar əməkdaşlığının genişlənməsi və sosial-iqtisadi əməkdaşlıq” mövzusunda ekspert sessiyası keçiriləcək. Tədbir iştirakçıları bizness-sessiyalarda və sərgilərdə iştirak edəcəklər.
Tədbir Həştərxan İşgüzar Qadınlar Assosiasiyası və Həştərxan vilayəti hökuməti tərəfindən təşkil olunub.
Ümumilikdə, iki ölkənin sahibkar qadınları arasında bu kimi tətbirlərin keçirilməsi Rusiya-Azərbaycan iqtisadi əlaqələrinin genişlənməsinə, əməkdaşlığa necə təsir göstərə bilər?
Məsələyə münasibət bildirən ekspert Rəsul Cahangirlinin sözlərinə görə, bu kimi tədbirlər əlaqələrin genişlənməsinə, əməkdaşlığın dərinləşməsinə müsbət təsir göstərir: “Ümumən Azərbaycanla Rusiya arasında, bir sıra sahələrdə olduğu kimi, iqtisadi sahədə də əlaqələr genişlənir. Son illər bu tendensiya daha qabarıq şəkildə özünü göstərir. Tərəflər bir sıra iqtisadi layihələri birgə həyata keçirir, iki ölkə arasında ticarət dövriyyəsi artır və s. O da məlumdur ki, istər Azərbaycanda, istərsə də Rusiyada sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınlar var. Qadınlar iqtisadiyyatın bir sıra sahələrində biznes fəaliyyəti ilə məşğul olurlar. Hesab edirəm ki, Azərbaycanda və Rusiyada sahibkarlıqla məşğul olan qadınlar birgə əməkdaşlıq çərçivəsində bir sıra layihələri həyata keçirə bilərlər. Hansı sahə cəlbedicidirsə, həmin sahədə qarşılıqlı sərmayə qoyub işgüzar əlaqələri daha da genişləndirmək olar. Bunun üçün də təmasların genişləndirilməsinə və bu kimi tədbirlərin tez-tez keçirilməsinə ehtiyac var. Hesab edirəm ki, müəyyən stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi qarşılıqlı iqtisadi əlaqələrin daha da genişlənməsinə öz təsirini göstərəcək. Bu da əlaqələrin genişlənməsinə öz töhfəsini verəcək. Ona görə də belə tədbirlərin keçirilməsinə müsbət yanaşıram. Hesab edirəm ki, bu, hər iki ölkənin maraqlarına uyğundur. O üzdən, bunu dəstəkləmək lazımdır”.
Vidadi ORDAHALLI