Sədaqət Vəliyeva: “Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial infrastruktur sahəsində ciddi nailiyyətlər əldə olunub”
Dünya İqtisadi Forumu yeni metodologiya əsasında hazırlanmış Qlobal Rəqabətlilik Hesabatını təqdim edib. Əvvəlki hesabatın 114 indikatorundan 84-ü (74 faizi) çıxarılıb, 68 yeni indikator isə daxil edilib. Beləliklə, hesabatda mövcud 98 indikatorun 70 faizi tamamilə yenidir.
Azərbaycan Qlobal Rəqabətlilik Hesabatının yeni metodologiyası əsasında ilk dəfə qiymətləndirilib. Ölkəmiz ilk hesabatda Türkiyə, Serbiya, Gürcüstan, Cənubi Afrika Respublikası və Xorvatiya ilə birlikdə 7-ci onluğa daxil olmaqla 69-cu yerdə qərarlaşıb.
Yeni hesabatda Azərbaycanda bir çox sahələrin vəziyyətinin yaxşılaşdırıldığı qeyd olunub. O cümlədən, ölkəmizdə infrastrukturun əhəmiyyətli dərəcədə yaxşılaşdırıldığı göstərilib.
Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatı Azərbaycan dövlətinin uğurlarını və nailiyyətlərini nümayiş etdirməklə yanaşı, dünyanın siyasi və iqtisadi elitasının dövlətimizə olan marağını ortaya qoyur: “Hesabatı təhlil etdikdə aydın şəkildə görürük ki, son dövrlər ərzində sürətlə inkişaf edən Azərbaycan dünya ölkələri üçün dinamizm və dayanıqlıq nümunəsinə çevrilib. Hesabatda diqqətçəkən məqamlardan biri sosial infrastruktur məsələləridir. Hesabatda aydın şəkildə qeyd edilib ki, təhsil və bacarıqlar, biznesin dinamikliyi kimi indikatorlar üzrə Azərbaycan mövqelərini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Xüsusilə qeyd edilməsi vacib olan məqam Qlobal Rəqabətlilik Hesabatında Azərbaycanın dünyada sosial bərabərliyin ən yüksək səviyyədə təmin olunduğu ölkə kimi vurğulanmasıdır. Məhz bu məqam bu gün Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində sosial dövlət quruculuğu prosesində ölkəmizin nə qədər irəlilədiyini nümayiş etdirir”.
S.Vəliyeva hesabatda qeyd edilən infrastruktur məqamlarına da toxunub: “Hesabatda vurğulanır ki, Azərbaycan əhalinin elektriklə təchizatı səviyyəsinə görə maksimal 100 faiz bal almaqla dünyada ilk pilləyə yüksəlib. Bu heç də təsadüfi deyil. Çünki Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial infrastruktur sahəsində ciddi nailiyyətlər əldə olunub. Təsəvvür edin ki, son 15 il ərzində Azərbaycanda 440-dan çox körpü tikilib, 3100-dən çox məktəb inşa edilib, 642 tibb müəssisəsi, 43 olimpiya idman kompleksi tikilib, 265 min məcburi köçkün yeni evlərlə, mənzillərlə təmin edilib, 30 elektrik stansiyası tikilib, bölgələrdə qazlaşdırma 95 faizə çatmaq üzrədir, fasiləsiz içməli su ilə təminat 70 faizə çatıb, 4 su anbarı - Taxtakörpü, Şəmkirçay, Göytəpə, Tovuzçay su anbarları tikilib, 100 minlərlə hektar suvarılmayan torpaqlara su gətirilib, 12 min 300 kilometr yol çəkilib. Bütün bunlar, birmənalı şəkildə, Azərbaycan xalqının rahat yaşamasına xidmət edir”.
Xanım millət vəkilinin sözlərinə görə, Azərbaycanın dünya iqtisadiyyatının sürətli inkişaf edən tərkib hissəsi kimi təqdim edilməsi və nümunə olaraq göstərilməsi ölkəmizin qlobal miqyasda ciddi bir dövlət tək qəbul edildiyini isbatlayır.
Günel CƏLİLOVA