Könül Nuriyeva: “Yüksək keyfiyyətli əməliyyatlar baş verdiyi üçün xarici turistlər daha çox bank kartları ilə alış-veriş etməyə üstünlük verirlər”
"Doqquz ayda xaricdən gələn qonaqlar Azərbaycanda ancaq bank kartları ilə 1 milyard manat səviyyəsində pul xərcləyiblər". Bunu Prezident İlham Əliyev Lənkərana səfəri çərçivəsində İstisu Sağlamlıq Mərkəzinin təqdimatında çıxışı zamanı deyib.
Prezident bildirib ki, turizmin inkişafı ölkəmizdə sürətlə gedir: "Bu, prioritet məsələdir və son illər ərzində görülmüş tədbirlər nəticəsində ölkəmizə gələn qonaqların sayı kəskin şəkildə artıb. Gələn turistlərin sayı 2016-cı ildə 22 faiz, keçən il 20 faiz, bu ilin 9 ayında isə əlavə olaraq 6 faiz artıb. Doqquz ayda xaricdən gələn qonaqlar Azərbaycanda ancaq bank kartları ilə 1 milyard manat səviyyəsində pul xərcləyiblər. Ancaq bank kartları ilə xərclənən bu məbləğ ilin sonuna qədər daha da artacaq. Əlbəttə ki, onlar nağd pul da xərcləyirlər və bu, ölkə iqtisadiyyatına böyük dəstəkdir. Beləliklə, son illər ərzində turizmə göstərilən diqqət öz nəticəsini verir”.
Ekspertlər də hesab edirlər ki, ölkəmizə səfər edən turistlərin bank kartları ilə xərclədikləri vəsait daha da artacaq.
İqtisadçı-ekspert Könül Nuriyeva bizimlə söhbətində qeyd etdi ki, Azərbaycanda nəinki turizm sektorunda, o cümlədən qeyri-turizm sahəsində də irəliləyişlər baş verir: “Turizmin inkişafı istiqamətində görülən işlər sayəsində ölkəyə səfər edən turistlərin sayı artmaqda davam edir”.
Onun sözlərinə görə, turistlər tərəfindən bank kartları ilə aparılan əməliyyatların həcminin artması turizm sektorunun inkişaf etməsi ilə bağlıdır. Digər səbəb isə bank sektorunda əməliyyatların keyfiyyətinin yüksəlməsidir: “Bu gün yüksək keyfiyyətli əməliyyatlar baş verir ki, xarici turistlər daha çox bank kartları ilə alış-veriş etməyə üstünlük verirlər. Xidmətlərin avtomatlaşdırılması, POS-terminalların qurulması və digər əməliyyatların sadələşdirilməsi statistikaya təsir edir. Onu da qeyd etmək lazımdır ki, Azərbaycanda turistlərə göstərilən xidmət keyfiyyətinin inkişaf etməsi, onlara qayğının artması turist axınına səbəb olur”.
Günel CƏLİLOVA