Zakir Əhmədov: “Hər halda, bu istiqamətdə görüləsi işlər çoxdur”
Məlum olduğu kimi, iyulun 2-dən 3-nə keçən gecə Mingəçevir İstilik Elektrik Stansiyasında (İES) qəza baş verib. Nəticədə stansiyanın enerji bloklarından birinin fəaliyyəti dayanıb və ölkə ərazisində ciddi enerji problemi yaranıb. Hazırda qəzanın səbəbləri araşdırılır.
Prezident baş vermiş hadisənin səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədilə Dövlət Komissiyası yaradıb. Ardınca Prezident İlham Əliyevin yanında ölkənin enerji sistemindəki vəziyyətlə əlaqədar müşavirə keçirilib.
Mingəçevirdə baş vermiş qəza bir daha alternativ enerji mənbələrindən istifadənin genişlənməsi məsələsini aktuallaşdırır. Nəzərə almaq lazımdır ki, ölkədə bu sahədə kifayət qədər böyük potensial var. Bununla bağlı bir sıra layihələr həyata keçirilib və hazırda da həyata keçirilir. O baxımdan Azərbaycanda alternativ və bərpa olunan enerji növünün ümumi enerji balansındakı payı artırılmalıdır. Son hadisələr onu göstərdi ki, bu sahədə dayanıqlılığı təmin etmək üçün bir neçə vasitədən istifadə etmək zəruridir. Bu sahə üzrə hələ 2014-cü ildə Dövlət Proqramı qəbul edilib, hətta alternativ enerji üzrə xüsusi agentlik də yaradılıb. Rəsmi məlumata görə, ölkənin alternativ və bərpa olunan enerji potensialı 420 meqavat həcmində müəyyən edilib. Hazırda Azərbaycanın enerji balansında alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin payı 9 faizdir. Ölkənin enerji balansında alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin payının 2020-ci ilədək 20 faizə çatdırılması nəzərdə tutulur.
Göründüyü kimi, bununla bağlı bir sıra işlər görülüb. Belə olan halda, məlum qəza zamanı alternativ enerji mənbələri özünü doğrultdumu? Bu məsələdə özünü göstərə bildimi?
Məsələyə münasibət bildirən ekspert Zakir Əhmədov bunu istisna etdi və yaranan vəziyyəti bir sıra amillərlə əlaqələndirdi: “Düzdür, alternativ enerji mənbələri ilə bağlı son illər bir sıra layihələr həyata keçirilib. Ölkənin bəzi ərazilərində günəş panelləri quraşdırılıb. Eyni zamanda, külək enerjisi ilə işləyən qurğular quraşdırılıb. Hansı ki, daha küləkli ərazilərdir. Ancaq hələ ki, alternativ enerj mənbələrinin çəkisi elə də böyük deyil. Belə olmasaydı, o zaman məlum qəza zamanı alternativ enerji mənbələrindən zəruru məqsədlər üçün istifadə olunardı. Faktiki olaraq, biz sözügedən problemin həlli ilə bağlı alternativ enerji mənbələrindən istifada edilməsini görmədik. Var olsaydı belə, hər halda, bu barədə məlumat veriləcəkdi. Bir sözlə, alternativ enerji mənbələri qəzadan sonra öz gücünü göstərə bilmədi. Bəlkə də alternativ enerji mənbələri ümumi enerji sisteminə yaxşı inteqrasiya olunmayıb. Hər halda, bu istiqamətdə görüləsi işlər çoxdur. Bütün bunlardan çıxış edərək hesab edirəm ki, Azərbaycandakı alternativ enerji mənbələrinin potensialından lazımi səviyyədə istifadə olunmalıdır. Hələ ki, bunun əlamətləri arzuolunan səviyyədə özünü göstərmir”.
Vidadi ORDAHALLI