Rəşad Həsənov: “Ümumiyyətlə, xarici vətəndaşlar nağd pul saxlamaqda maraqlı deyillər”
Banklarda xarici vətəndaşların əmanətləri artır. Açıqlanan rəsmi məlumatlara əsasən, Azərbaycan banklarında fiziki şəxslərin əmanətlərinin həcmi iyunun 1-nə olan tarixə 7 867,5 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankının yaydığı aylıq hesabatda qeyd olunur ki, bu, bir ay əvvəllə müqayisədə 13,9 milyon manat azdır. Ötən ilin əvvəli ilə müqayisədə isə əmanətlərin həcmi 306,3 milyon və ya 4 faiz artıb.
Qeyd edək ki, əmanətlərdə xarici və yerli vətəndaşların payı fərqli dəyişib. Belə ki, hazırda bank əmanətlərinin 7 132 milyon manatı yerli, 735 milyon manatı isə xarici vətəndaşların payına düşür. Xaricilərin əmanəti isə 9 milyon manat artıb.
Xarici vətəndaşların əmanətlərinin artması barədə fikir bildirən iqtisadçı-ekspert Rəşad Həsənov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, əcnəbi vətəndaşlar daha çox qısamüddətli dövr üçün banklara depozit yerləşdirirlər: “Bu onların fəaliyyəti, müvəqqəti iş yerlərini dəyişməsi ilə əlaqədardır. Ümumiyyətlə, xarici vətəndaşlar nağd pul saxlamaqda maraqlı deyillər. Onlar əllərində olan vəsaiti daha çox banklarda yerləşdirməyə üstünlük verirlər”.
İqtisadçının sözlərinə görə, immiqrantların hərəkətlərindən asılı olaraq, banklarda əmanətlərin həcmində artım və azalma müşahidə olunur. Bu, bank sektoruna olan inam və ya bank sahəsində aparılan iqtisadi islahatlardan qaynaqlanan məsələ deyil.
R.Həsənov onu da vurğuladı ki, hazırda bank sektorunun sağlamlaşdırılması prosesi başa çatmayıb: “Onu da qeyd edim ki, Azərbaycanda xarici və yerli vətəndaşların uzunmüddətli dövr üçün əmanət və depozit yerləşdirməsi təcrübəsi banklara olan etimadın hələ tam doğrulmaması ilə bağlıdır. Banklara güvən formalaşmadığı və dayanıqlığı artmadığı üçün, növbəti dövrlərdə xaricilər tərəfindən banklara yerləşdiriləcək əmanətlərin həcmində fərqlilik hiss olunacaq”.
Günel CƏLİLOVA