Vüqar Bayramov: “İnzibati metodlarla deyil, daha çox təşviqedici və tərəfdaşlıq mexanizmlərindən istifadə etməklə vergi siyasətinin təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər müsbət qiymətləndirilməlidir”
Məlum olduğu kimi, Vergilər Nazirliyində geniş struktur islahatları həyata keçirilib. Məqsəd Vergilər Nazirliyində funksional idarəetmənin səmərəliliyinin artırılması, vergi ödəmələri və vergi orqanlarının fəaliyyəti üzərində nəzarətin gücləndirilməsi, vergi sisteminin hədəflərinə xidmət edən dinamik struktura malik müasir inzibatçılığın qurulmasıdır.
Vergilər Nazirliyinin strukturundakı ən vacib institusional yeniliklərdən biri qurumun Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması departamentində (Katiblik) İnzibati şikayətlərin araşdırılması idarəsinin yaradılmasıdır. Yeni idarə vergi ödəyicilərindən daxil olan şikayətlərə baxılması işinin təkmilləşdirilməsi və funksional struktur vahidlərinin vəzifə öhdəliklərinin keyfiyyətli icrasının təmin edilməsi məqsədilə yaradılıb.
Yeni idarənin yaradılması, faktiki olaraq, vergi orqanlarında müstəqil arbitr funksiyalarına malik yeni bir apelyasiya institutunun formalaşmasına gətirəcək. Vergi orqanlarının fəaliyyətindən inzibati şikayətlərə baxılması, bütövlükdə şikayət institutu bir struktur altında cəmləşdiriləcək.
Vergilər Nazirliyində geniş struktur islahatlarının həyata keçirilməsinin vacibliyi barədə danışan iqtisadçı- ekspert Vüqar Bayramov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bu qurumda struktur islahatlarının həyata keçirilməsi müasir çağırışlara uyğun olması baxımından vacibdir: “Bu sahədə yaşanan əsas problemlərdən biri vergi orqanları ilə vergi ödəyiciləri arasındakı münasibətlərin tam sivil səviyyədə qurulmamasıdır. Hesab edirəm ki, vergi orqanları ilə ödəyicilərinin tərəfdaş olması vacibdir. Bu baxımdan sivil struktura malik olmaqla vergi ödəyiciləri ilə münasibətlər daha müasir metodlarla qurulmalıdır. Eyni zamanda, vergi orqanlarında şəffaflığın artırılmasına ehtiyac var. Nəzərə almaq lazımdır ki, vergi sistemində yeni siyasətin əsas mahiyyəti məhz şəffaflığım təmin olunmasıdır. Vergi ödəyiciləri ilə əməkdaşlıq nəticəsində vergidən yayınmanın qarşısı alınacaq. İnzibati metodlarla deyil, daha çox təşviqedici və tərəfdaşlıq mexanizmlərindən istifadə etməklə vergi siyasətinin təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər mübət qiymətləndirilməlidir. Nəticə etibarilə yeni struktur vergidən yayınmanın qarşısını almaqla yanaşı, eyni zamanda vergi orqanlarının fəaliyyətinin şəffaflıq və səmərəliliyinin gücləndirilməsinə səbəb ola bilər”.
Günel CƏLİLOVA