Zakir Əhmədov: “Qəzanın miqyasına baxanda görürük ki, enerji təchizatının belə tez bir zamanda bərpa olunması çox mühüm göstəricidir”
Məlum olduğu kimi, iyulun 2-dən 3-nə keçən gecə hava şəraitinin kəskin dərəcədə dəyişməsi, temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi ilə əlaqədar Mingəçevirdəki “Azərbaycan” İES-in yarımstansiyasında cərəyan transformatoru sıradan çıxıb və nəticədə Bakının, eləcə də ölkənin əksər rayonlarında elektrik enerjisinin verilişi dayanıb.
Ancaq bir neçə saat ərzində görülən çevik, təxirəsalınmaz tədbirlər nəticəsində elektrik enerjisinin verilişi bərpa edildi. Faktiki olaraq səhər saatlarında Bakıda elektrik enerjisinin bərpa vəziyyəti 100 faiz, regionlarda isə 80 faiz səviyyəsində oldu. Bu bir daha hökumətin bu cür fövqəladə halları mümkün qədər tez aradan qaldırmağa hazır olduğunu göstərdi.
Digər tərəfdən, Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyası yaradılıb. Dövlət Komissiyasına hadisənin baş verməsi səbəblərini araşdırmaq və bu barədə Azərbaycan Prezidentini məlumatlandırmaq, qəzanın nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər müəyyənləşdirmək və həyata keçirmək, görülmüş işlər haqqında dövlət başçısına mütəmadi məlumat vermək tapşırılıb.
Bütün hallarda, Azərbaycan dövlətinin qəza ilə əlaqədar yaranan enerji fasiləsini tez bir zamanda bərpa etməsi nə dərəcədə əhəmiyyətlidir?
Məsələyə münasibət bildirən ekspert Zakir Əhmədovun sözlərinə görə, bu, hökumətin çevikliyindən və hər zaman olduğu kimi, Prezident İlham Əliyevin qətiyyətli dövlət başçısı olmasından irəli gəlir: “Bunun nəticəsidir ki, Mingəçevirdə yerləşən İES-də baş verən qəzanın fəsadlarının aradan qaldırılması ilə əlaqədar işlər sürətləndirildi. Görünən odur ki, görülən tədbirlər tez bir zamanda öz bəhrəsini verdi və səhər saat 7 radələrində Bakının enerji təchizatı bərpa edildi. Qəzanın miqyasına baxanda görürük ki, enerji təchizatının belə tez bir zamanda bərpa olunması çox mühüm göstəricidir. Bu bir daha belə fövqəladə hallarda işlərin necə düzgün təşkil olunmasından xəbər verir. Hansı ki, bir sıra digər ölkələrin təcrübəsinə baxsaq görərik ki, onlar bu qədər çevik fəaliyyət göstərə bilmirlər. Bununla bağlı günlərlə vaxt tələb olunur. Qəzanın fəsadlarının aradan qaldırılması üçün hətta aylarla vaxt tələb olunur. Bir şeyi nəzərə almaq lazımdır ki, bu cür qəzaların baş verməsindən heç bir ölkə tam sığortalanmayıb. Hətta ən yüksk inkişaf etmiş ölkələrdə belə, bənzər hallar yaşanır. Yəni ən son texnologiyalara əsaslanan elektrik stansiyalarında belə, bu cür hadisələrin başvermə ehtimalı var. Ona görə də belə hallara hər zaman hazır olmaq lazımdır. Hansısa panikaya düşmək olmaz”.
Vidadi ORDAHALLI