Azər Allahverənov: “İsveç istehsalı olan qatarlar maksimum komfortlu olur”
Müasir dövrdə ölkələr arasında əlaqələrin məzmunu yeni keyfiyyət dəyişikliklərinə məruz qalsa da, ticari-iqtisadi dəhlizlərin əhəmiyyəti öz aktuallığını yenə qoruyub saxlayır. Xüsusən qloballaşan dünyamızın yeni geoiqtisadi çağırışları kontekstində respublikamızın bu sahədə rolu artaraq strateji əhəmiyyət kəsb edir.
Məlum olduğu kimi, 2017-ci il oktyabrın 30-da istifadəyə verilən Bakı-Tiflis-Qars dəmir yolunun ümumi uzunluğu 846 km təşkil edir ki, bunun da 504 km-i Azərbaycan, 263 km-i Gürcüstanın və 79 km-i Türkiyənin payına düşür. Qeyd edək ki, hazırda Bakı-Tiflis-Qars dəmir yolu xətti ilə yüklərin daşınması həyata keçirilir. Ancaq gələn ildən sözügedən dəmir yolu ilə sərnişinlərin daşınması nəzərdə tutulub.
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov bildirib ki, ''Bakı-Tiflis-Qars'' dəmir yolu xətti ilə sərnişinlər gələn ildən etibarən daşınacaq. Onun sözlərinə görə, bunun üçün artıq yeni qatarlar da sifariş verilib. Belə ki, yeni qatarlarda sərnişinlərin rahatlığı üçün hər şey düşünülüb. Məsələ ondadır ki, qatarlar İsveç şirkəti tərəfindən hazırlanır.
Yeni qatarlar Azərbaycanın dəmir yolu xətləri arasındakı 1520 millimetrlik enlilikdən Avropa standartına uyğun, yəni 1435 millimetrlik enə avtomatik olaraq keçə biləcək. O da məlum olub ki, ''Bakı-Tiflis-Qars'' dəmir yolu xətti ilə sərnişin daşımalarının qiyməti çox baha olmayacaq.
Bütün hallarda, BTQ ilə sərnişin daşınmasını ekspertlər necə dəyərləndirirlər? Məsələyə münasibət bildirən nəqliyyat sahəsi üzrə ekspert Azər Allahverənov buna müsbət prizmadan yanaşdı: “Layihə işə düşən zaman qeyd etmişdim ki, sözügedən dəmir yolu ilə yüklərin daşınması ilə yanaşı, sərnişin də daşınacaq. Nə üçün? Çünki mən əminəm ki, qatar vasitəsilə Türkiyəyə səfər edən və oradan Azərbaycana gələn insanların sayı kifayət qədər çox olacaq. Düzdür, qatar təyyarəyə nisbətən daha çox vaxt tələb edir, amma qatarların komfort olması insanlara stimul verəcək. Xüsusən də səyahətə çıxmaq istəyən üçün qatarın qiyməti təyyarəyə nisbətən ucuzdur. Ona görə də qatarla harasa getmək həm iqtisadi cəhətdən sərfəlidir, həm də əyləncə baxımından cəlbedicidir. Sözügedən dəmir yolu, bir növ, insanların könlünü oxşayacaq nəqliyyat vasitəsi olacaq. Nəzərə almaq lazımdır ki, İsveç istehsalı olan qatarlar maksimum komfortlu olur. Digər tərəfdən, elə etmək lazımdır ki, sözügedən qatarlar sürətli olsun və insanların vaxt itkisi olmasın. Hesab edirəm ki, BTQ ilə sərnişin daşınmasının həyata keçirilməsi ölkəyə daha çox turistin gəlməsinə şərait yaradacaq. Yəni bu, turizm sektorunun inkişafına təkan verəcək. Nəticədə Azərbaycanın turizm sektorundan əldə edəcəyi gəlirlərin həcmi artacaq”.
Vidadi ORDAHALLI