Əkrəm Həsənov: “Əmanətçilər daha çox xarici valyuta ilə əmanət yatırmağa üstünlük verirlər, ancaq faiz aşağı olduğu üçün yatırılan depozitin həcmi azalmaqda davam edir”
Açıqlanan statistik rəqəmlərə əsasən, bu il iyunun 1-nə fiziki şəxslərin ölkə banklarındakı əmanətləri 7 milyard 867,5 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankının yaydığı məlumatda qeyd olunur ki, bu, mayın 1-i ilə müqayisədə 13,9 mln. manat və yaxud 0,17% azdır.
Banklarda yatırılan əmanətlərin həcminin azalması səbəblərini öyrənmək məqsədilə bank sahəsi üzrə mütəxəssis Əkrəm Həsənova müraciət etdik. O, “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, əmanətlərin həcminin azalmasının əsas səbəbi bank sisteminə etimadın azalmasıdır: “Bəllidir ki, bir sıra banklar bağlansa da, xeyli vətəndaşın əmanəti batıb. Əmanətlərin Sığortalanması Fondu olsa da, bu sistem tam etibarlı deyil. Çünki bir sıra vətəndaşların əmanəti sığortalı olsa da, fonddan öz vəsaitini geri ala bilmir”.
Həmsöhbətimizin sözlərinə görə, əmanətlərin tam sığortalanması sistemi gələn il martın 1-nə qədər qüvvədədir: “2019-cu il martın 1-dən etibarən əmanətlər tam sığortalı olmayacaq. Yalnız 30 000 manat ekvivalentində olan məbləğ sığortalanacaq. Məsələn, bankların birinə bu günlərdə 50 000 manat əmanət yatırılsa, o tam sığortalanacaq. Martın 1-nə qədər əmanət yerləşdirilən bank müflis olarsa, o zaman depozit tam şəkildə geri alınacaq. Yox, əgər gələn il martın 1-dən sonra müflis olarsa, bank yalnız 30 000 manatı geri qaytaracaq. Baxmayaraq ki, o məbləğ 2018-ci ildə qoyulub. Beləliklə, 2019-c il martın 1-dən etibarən əmanətlərin sığortalanması sistemi mövcud olmayacaq. Martın 1-dən sonra əmanət sektorunda nə kimi hadisələrin baş verəcəyinə öncədən hər hansı bir rəsmi məlumat verilmir. Bu səbəbdən də əmanətçilər banka depozit yatırmağa ehtiyat edirlər”.
Bank sahəsi üzrə ekspert onu da bildirdi ki, əmanətçilər daha çox xarici valyuta ilə əmanət yatırmağa üstünlük verirlər: “Məlumdur ki, banklar dollar əmanətlərini çox aşağı faizlə qəbul edirlər. Təbii ki, bu da banka yerləşdirilən əmanətlərin həcminin azalmasına təsir göstərir”.
Günel CƏLİLOVA