ABŞ İrana tətbiq edilən sanksiyalar və Venesueladakı daxili gərginliyə görə, neftin qiymətinin artmasına qarşı Səudiyyə Ərəbistanından hasilatı 2 milyon barelə qədər artırmağı tələb edib. Baki-xeber.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Twitter-də yazıb.
Tramp Səudiyyə Kralı Salmanın onun neft hasilatını 2 milyon barelə artırmaq istəyini qəbul etdiyini deyib: “Səudiyyə Ərəbistanı Kralı Salmanla danışdım. Ona İranla anlaşılmazlıq və Venesueladakı daxili gərginliyə görə, yaranmış ehtiyacı qarşılamaq üçün Səudiyyə Ərəbistanının hasilatı 2 milyon barelə qədər artırmasını istədiyimi dedim, o da qəbul etdi”.
Səudiyyə Ərəbistanı rəsmiləri hələ ki, bununla bağlı açıqlama verməyib.
Neft sənayesindən bir mənbənin bu həftə Reuters-ə verdiyi məlumata əsasən, OPEC Rusiya və neft hasil edən digər müttəfiqləri ilə günlük hasilatı 1 milyon barelə artırmaq üzərində razılıq əldə edəndən sonra dünyanın ən böyük neft ixracatçısı iyul ayında gündə 11 milyon barelədək neft hasil etməyi planlaşdırır.