Müslüm İbrahimov: “Son illər Naxçıvanda sosial infrastrukturun formalaşması iqtisadiyyatın inkişafında özünü göstərir”
Son illər Azərbaycan iqtisadiyyatında irəliləyişlər müşahidə olunur. İqtisadi inkişaf iqtisadiyyatın bütün sahələrində özünü göstərir. İnkişaf tək paytaxtda deyil, eyni zamanda, bölgələrdə də müşahidə olunur. Bu vəziyyət Naxçıvan Muxtar Respublikasında da özünü göstərir. Açıqlanan statistik rəqəmlərə əsasən, Naxçıvan iqtisadiyyatı 1,2 faiz artıb, ixracı 100 milyon manata yaxınlaşıb
Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsinin mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunur ki, Naxçıvanda 2018-ci ilin yanvar-aprel aylarında 711 milyon 398 min 700 manatlıq ümumdaxili məhsul istehsal olunub ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz çoxdur.
Muxtar Respublikada iqtisadiyyatın dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət şərait yaradıb, 2018-ci ilin yanvar-aprel aylarında 108 milyon 711 min 600 ABŞ dolları dəyərində xarici ticarət dövriyyəsi qeydə alınıb. İxracın dəyəri 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə artaraq 98 milyon 117 min 200 ABŞ dolları təşkil edib, 87 milyon 522 min 800 ABŞ dolları dəyərində müsbət saldo yaranıb.
İqtisad elmləri doktoru Müslüm İbrahimov "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, Naxçıvan Azərbaycan Respublikasının əsas subyekti olaraq dövlət proqramlarında tam iştirak edir: “Dövlət investisiyalarının istifadə olunması nəticəsində istehlak bazarının genişlənməsi baş verdi. Ümumiyyətlə, Naxçıvan dövlət və sosial strukturunun formalaşması və dövlət kapitalının daha da təkmilləşdirilməsi nəticəsində ümumdaxili məhsulun artımı baş verib. Xüsusi olaraq qeyd etmək lazımdır ki, Naxçıvan ticarət dəhlizində yerləşdiyi üçün idxal-ixrac əməliyyatları həyata keçirilir. Qeyd olunan ərazi tranzit rolunu oynamaqla öz büdcəsinə əlavə gəlir cəlb edə bilir”.
Həmsöhbətimiz onu da bildirdi ki, son illər Naxçıvanda sosial infrastrukturun formalaşması iqtisadiyyatın inkişafında özünü göstərir: “Onu da qeyd edim ki, Muxtar Respublikanın potensialı yüksəkdir. Artımın daha da yüksək olacağı gözlənir. Nəzərə almaq lazımdır ki, Muxtar Respublika inkişaf etməkdə olan bazara malik ərazidir. Bu səbəbdən Naxçıvanın özü ərazi kimi böyük imkanlara malikdir.
O da bəllidir ki, Naxçıvan transsərhəd zonasında yerləşir. Müştərək müəssisələrin yaradılması, Azərbaycan-İran münasibətlərinin daha da inkişaf etdirilməsi ixracın artmasına səbəb olur”.
Günel CƏLİLOVA