Eyyub Hüseynov: “Qida Təhlükəsizliyi Agentliyində cəld reaksiya mexanizmi qurulmalıdır”
"Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi yeni mobil dəstək proqramı hazırlayıb. Bu proqram Azərbaycanda əhalinin qida təhlükəsizliyi sahəsində ictimai nəzarət funksiyasını həyata keçirməsinə köməklik edəcək". Bunu agentliyin sədri Qoşqar Təhməzli bir neçə gün öncə keçirilən I Bakı Beynəlxalq Qida Təhlükəsizliyi Konfransında deyib.
Onun sözlərinə görə, hər bir Azərbaycan vətəndaşı qida təhlükəsizliyi sahəsində xüsusi maarifləndirmə işlərini öyrənməklə yanaşı, ölkəmizdə təhlükəli və təhlükəsiz qidalar haqqında lazımi bilgiləri mobil dəstək proqramı vasitəsilə əldə edə biləcək: “Proqram vasitəsilə vətəndaşlar harada olmasından asılı olmayaraq, qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq strukturlarının işinə nəzarət edə biləcəklər. Bu nəzarət qidanın tarladan süfrəyə qədər gətirilməsini əhatə edən bütün mərhələlərdə mümkün olacaq. Proqram qida zəncirində iştirak edən bütün sahibkarlıq obyektlərində baş verə biləcək hər hansı bir pozuntunu ortalığa çıxara biləcək. Eyni zamanda təhlükəli qidanın ictimaiyyət tərəfindən üzə çıxarılmasına kömək edəcək. Bu da əhalinin bu işdə yaxından iştirakına töhfə verəcək. Ölkə başçısı proqramı çox bəyənib. İyulun 1-dən etibarən proqram istifadəyə veriləcək”.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, qida təhlükəsizliyi sahəsində ictimai nəzarətin həyata keçirilməsi üçün proqramın hazırlanması müsbət haldır: “Belə bir qərarın verilməsi yaxşı haldır. Lakin bu qərar ictimai dəstək tapmasa, proqram icra olunmayacaq. Azad İstehlakçılar Birliyi olaraq bu məsələdə agentliklə konstruktiv əməkdaşlıq etməyə hazırıq. Hətta bununla bağlı adıçəkilən quruma müraciət etmişik”.
E.Hüseynovun sözlərinə görə, bu gün ölkəmizdə istehlakçı çoxdur. İstehlakçının gözü qarşısında yetərincə təhlükəli mal satılır: “İstehsaledici müəssisələr istehlakçının gözü qarşısında mənfi işlərini həyata keçirirlər. Bunun qarşısını almaq üçün Qida Təhlükəsizliyi Agentliyində cəld reaksiya mexanizmi qurulmalıdır. Azərbaycanda belə bir mexanizm olmayıb. Təhlükəli mal satılırsa, tez bir zamanda müdaxilə edən mexanizm olmalıdır. Qida təhlükəsizliyi sahəsində ictimai nəzarətin həyata keçirilməsi üçün xüsusi proqram hazırlanması olduqca zəruridir”.
Günel CƏLİLOVA