“Sağlamlıq üçün təhlükəli sayılan məhsulların bazara daxil olması əngəllənəcək”
Qida məhsulları "bir pəncərə" prinsipi ilə qeydiyyata alınacaq. Bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli media nümayəndələrinə açıqlamasında bildirib. Q.Təhməzlinin sözlərinə görə, qanuna əsasən, ölkədə qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektləri sadəcə qida təhlükəsizliyi qeydiyyatından keçəcəklər və məhsullarını reyestrə salacaqlar: “Qida təhlükəsizliyi qeydiyyatına düşən müəssisələr isə ixrac etdikləri məhsullara qida təhlükəsizliyi sertifikatı alacaqlar. Eyni zamanda, idxalçı dövlətin tələbinə uyğun olaraq, əgər dövlət fitosanitar və baytarlıq nəzarətindən keçmək tələb olunarsa, agentlik bu sertifikatı verəcək. Qida təhlükəsizliyi qeydiyyatı "ASAN xidmət"in "bir pəncərə" prinsipi ilə həyata keçiriləcək. Qeydiyyat qida təhlükəsizliyi kartı ilə veriləcək. Sertifikat üçün tələb olunan rüsumlar artıq Tarif Şurasına təqdim olunub. Təsdiq olunandan sonra rüsumların ödənilməsi "ASAN xidmət"in müvafiq bölmələrində həyata keçiriləcək”.
Məsələ ilə bağlı fikir bildirən iqtisadçı-ekspert Vüqar Bayramov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, son illərin təcrübəsinə əsasən, sahibkarlıq fəaliyyətində vergi yoxlamaları istisna olmaqla, digər yoxlamaların qadağan olunması bu sahənin inkişafı üçün zəmin yaradır. Ancaq bu hal bir sıra satış məntəqələrinə keyfiyyətsiz qida məhsullarının satılmasına səbəb oldu: “Nəzarətin bu kontekstdə davam etməsindən bəzi sahibkarlar sui-istifadə etdilər. Bəzi hallarda ərzaq məhsullarının istifadə müddəti dəyişdirilirdi. Eyni zamanda, saxlama qaydalarına əməl olunmurdu, standartlar gözlənilmirdi. Vəziyyətin bu həddə çatması nəzarətin gücləndirilməsinə səbəb oldu. Qida məhsullarının “bir pəncərə” prinsipi ilə qeydiyyata alınması məhsulların keyfiyyətinin qorunması baxımından vacibdir. Bu imkan verəcək ki, qida məhsullarının keyfiyyətinə nəzarət daha da gücləndirilsin və bazara keyfiyyətsiz məhsulların daxil olmasının qarşısı alınsın. Xüsusən də vətəndaşların sağlamlığı üçün təhlükəli sayılan ərzaq məhsullarının satışının qarşısını almaq mümkün olacaq. Bu səbəbdən də hesab edirəm ki, qida məhsullarının “bir pəncərə” prinsipi ilə qeydiyyata alınması istehlak bazarında keyfiyyətsiz məhsulların satışının qarşısını alacaq. Eyni zamanda, sağlamlıq üçün təhlükəli sayılan məhsulların bazara daxil olması əngəllənəcək”.
Günel CƏLİLOVA