“Son zamanlar Azərbaycanda sənaye məhəllələrinin yaradılması kimya sənaye məhsulları istehsalının artmasına səbəb olur”
Açıqlanan statistik rəqəmlərə əsasən, Azərbaycanda kimya sənayesi məhsullarının istehsalı artıb. Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda 166 144,8 min manatlıq kimya sənayesi məhsulları istehsal edilib. Qeyd edək ki, bu göstərici ötən ilin müvafiq dövründən 1,6 faiz çoxdur.
Hesabat dövründə kimya sənayesi məhsullarından 21,1 min ton propilen (əmtəəlik 16 min ton), 39,1 min ton polietilen, 40,3 min ton etilen istehsal edilib. Propilen istehsalı illik müqayisədə 12,5%, polietilen və etilen istehsalı hər biri 7,1% artıb.
Kimya sənayesi məhsullarının istehsalının artması barədə danışan iqtisadçı-ekspert Ruslan Atakişiyev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, qeyd olunan sektorda artımın baş verəcəyi gözlənilən idi. Çünki son zamanlar Azərbaycanda bir neçə yerdə sənaye parkı da tikilib və istifadəyə verilib: “Qısa müddət üçün bu sənaye zonalarının yaradılması böyük əhəmiyyət kəsb edir. İndiki vaxtda bu həm iş yerlərinin açılmasına səbəb olur, həm insanlar müəyyən qədər məvacib alır, həm də iqtisadiyyatın inkişafına müəyyən qədər təsir edir”.
Həmsöhbətimizin sözlərinə görə, qeyri-neft sənayesinin tərkibində kimya sənayesi yüksək rəqabətqabiliyyətli potensiala malikdir: “Ölkə iqtisadiyyatı üçün böyük əhəmiyyətə malik olan kimya sənayesinin yenidən qurulması, məhsul istehsalının və keyfiyyətinin, onların emal dərinliyinin artırılması qarşıda duran vacib məsələlərdən biri idi. Danılmaz faktdır ki, kimya sənayesinin perspektiv inkişafının təmin edilməsində xeyli tədbirlər həyata keçirilib”.
R.Atakişiyev hesab edir ki, kimya sənayesində istehsal səviyyəsinin və kimya məhsulları çeşidinin artırılmasına ehtiyac var.
Günel CƏLİLOVA