“Bu, həmin əməliyyatda iştirak edən şəxslərin vergi rejimi ilə bağlıdır”
Azərbaycanda kriptovalyuta əməliyyatları ilə bağlı mənfəət vergiyə cəlb olunmalıdır. Bunu Bakıda “Maliyyə texnologiyalarında yeni trendlər: blokçeyn, kriptovalyuta və təhlükəsizlik” konfransı zamanı Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Departamentinin baş direktorunun müavini Şamil Ərəbov deyib. O qeyd edib ki, kriprtovalyuta əməliyyatları əsasən fiziki şəxslər arasında həyata keçirilir, ona görə də qeyri-sahibkarlıq fəaliyyətinə aid edilir: “Vergilər Nazirliyi hesab edir ki, kriptovalyutalarla məşğul olan şəxslər mütləq şəkildə vergi orqanlarında qeydiyyata durmalı, müvafiq bəyannamələr təqdim etməli və dövlət büdcəsinə vergilər ödəməlidirlər”.
Ş.Ərəbov vurğulayıb ki, bu gün kriptovalyuta əməliyyatlarının vergiyə cəlb olunması məsələsi bütün dünyada geniş müzakirə olunur.
Kriptovalyuta əməliyyatlarının vergiyə cəlb olunmasına münasibət bildirən bank sahəsi üzrə mütəxəssis Əkrəm Həsənov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycan qanunvericiliyinə əsasən, kriptovalyuta valyuta deyil. Kriptovalyuta əmtəə, mal hesab olunur: “İstənilən malın əməliyyatında vergi tətbiq olunur. Əsasən mənfəət, sadələşdirilmiş və ya gəlir vergisi ödənilməlidir. Bu, həmin əməliyyatda iştirak edən şəxslərin vergi rejimi ilə bağlıdır. Məsələn, vətəndaş kimdənsə 2000 dollara kriptovalyuta alıb və sonra qiymət artımı baş verəndə onun dəyəri 3000 dollar olub. Belə olan halda, kriptovalyuta sahibi 1000 dollar gəlir əldə edir. Təbii ki, bu vəziyyətdə həmin şəxs vergi verməlidir”.
Həmsöhbətimizin sözlərinə görə, əksər hallarda kriptovalyuta əməliyyatları gizli şəkildə aparılır: “Əməliyyatı edən şəxslər çalışırlar ki, bunu gizli şəkildə həyata keçirsinlər. Kriptovalyuta əməliyyatları qeyri-rəsmi aparılır. O baxımdan da kriptovalyutaya qanunla vergi müəyyən edilə bilər”.
Günel CƏLİLOVA