“Bu o deməkdir ki, artıq iqtisadiyyatın müxtəlif sahələrində nəticələr əldə olunur”
İqtisadiyyatda mühüm amillərdən biri milli valyutaya inam məsələsidir. Manat artıq 1 ildən çoxdur sabit kurs nümayiş etdirir. Bu da ölkədə aparılan bir sıra iqtisadi və maliyyə islahatları, o cümlədən, dünya bazarlarında neftin qiymətinin sabitləşməsi nəticəsində baş tutub. Bu həm də ölkənin ixrac potensialının yüksəlməsi, habelə əlverişli beynəlxalq iqtisadi konyunktur şəraitində xarici sektor göstəricilərinin yaxşılaşmağa başlanması prosesi nəticəsində əldə olunub.
2017-ci ildən başlanan bu proses 2018-ci ilin ötən dövrü ərzində də davam edib. Belə ki, ötən aylarda xarici ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli artıb. Ticarət balansı ilə yanaşı, xidmətlər balansında da yaxşılaşma davam edir.
Bütün bunların nəticəsidir ki, bu ilin yanvar-aprel aylarında ölkənin ümumdaxili məhsulu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz artaraq 22969,0 mln. manata çatıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu dövrdə tikinti sektoru istisna olmaqla, iqtisadiyyatın bütün sahələrində istehsalın artımı müşahidə edilib. İqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər 2,1 faiz artıb, neft sektorunda isə 0,1 faiz azalıb.
ÜDM istehsalının 48,4 faizi sənayedə, 9,8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,7 faizi nəqliyyat və anbar təsərrüfatı sahələrində, 6,9 faizi tikintidə, 3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6 faizi informasiya və rabitə sahələrində, 14,0 faizi digər sahələrdə istehsal edilib. Əhalinin hər nəfərinə düşən ÜDM 2346,0 manata bərabər olub.
Ümumilikdə, ÜDM-də 1,2 faiz artım nəyin göstəricisidir? Məsələyə münasibət bildirən iqtisad elmləri doktoru Müslüm İbrahimov buna bir neçə kontekstdən yanaşdı: “Məsələ ondadır ki, Azərbaycanın istehlak bazarında canlanma müşahidə olunur. Bunun da bir neçə səbəbi var. Birincisi, ona görə ki, milli iqtisadiyyatda dayanıqlı inkişaf özünü göstərir. Manatın kursunun sabit qalması və müəyyən iqtisadi gözləntilərin özünü doğrultması ÜDM-in artmasına öz təsirini göstərir. Yəni görünən odur ki, artıq ölkə iqtisadiyyatında müsbət dinamika müxtəlif sferalarda özünü göstərir. Bir məqamı da nəzərə almaq lazımdır ki, üzü yaya doğru istehlak bazarı daha da zənginləşir. Bu da, öz növbəsində, artımın baş verməsinə öz təsirini göstərir. Digər tərəfdən, həyata keçirilən proqram və layihələr də ÜDM-də artıma öz müsbət təsirini göstərir. Nəzərə almaq lazımdır ki, dövlət sifarişi ilə həyata keçirilən layihələrin bu məsələdə əhəmiyyəti böyükdür. Çünki dövlətin əsasən qeyri-neft sektoruna qoyduğu investisiyalar hazırda özünü daha qabarıq formada göstərir. Bu o deməkdir ki, artıq iqtisadiyyatın müxtəlif sahələrində nəticələr əldə olunur. Reallıq ondan ibarətdir ki, Azərbaycan iqtisadiyyatı inkişaf edir. Dünya bazarında neftin qiymətinin bahalaşması da bütün bunlara öz müsbət təsirini göstərir”.
Vidadi ORDAHALLI