Ruslan Atakişiyev: “Made in Azerbaijan” brendi adı altında istehsal olunan məhsulların dünya bazarına çıxması tək indi deyil, gələcəkdə də Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərəcək”
Dünya Bankı Azərbaycan iqtisadiyyatının artması ilə bağlı proqnoz yayıb. Qeyd olunur ki, növbəti 3 il ərzində Azərbaycan iqtisadiyyatında əhəmiyyətli dərəcədə artım olacaq. Proqnozlara əsasən, 2018-ci ildə Azərbaycanın ümumdaxili məhsulu (ÜDM) 1,8 faiz, 2019-cu ildə 3,8 faiz, 2020-ci ildə 3,2 faiz artacaq: “Ortamüddətli perspektivdə Azərbaycan iqtisadiyyatının artım templəri qaz hasilatının genişlənməsi və Transanadolu boru kəmərinin işə salınması ilə sürətlənəcək”.
Analitiklər hesab edirlər ki, OPEC+ sazişinin müddətinin 2018-ci ilin sonunadək uzadılması fonunda Azərbaycanda hasilat həcmləri çox azalmayacaq. Bundan başqa, Dünya Bankı bu il neft qiymətlərinin artımını və bu qiymətlərin ortamüddətli perspektivdə sabitliyini proqnozlaşdırır.
Dünya Bankı, həmçinin, 2018-ci ildə Azərbaycanda qeyri-neft ÜDM-in artımını proqnozlaşdırır ki, bu da dövlət investisiyalarının 83 faizədək artmasına gətirib çıxara bilər.
Növbəti 3 il ərzində Azərbaycan iqtisadiyyatında qeydə alınacaq inkişaf barədə danışan iqtisadçı-ekspert Ruslan Atakişiyev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, ötən illərlə müqayisədə son zamanların göstəricisi müsbətə doğru dəyişir: “Bunun da məlum səbəbləri var. Bəllidir ki, artıq Azərbaycan iqtisadiyyatı canlanma dövrü yaşayır. 2021-ci ilə qədər ölkədə ümumdaxili məhsulun 3-4 faizə yaxın artması gözlənir. Bunu da şərtləndirən bir sıra amillər var. İlk olaraq qeyd edim ki, bu, qeyri-neft sektorunun önə çəkilməsi, həmçinin, ixrac potensialının inkişafına diqqət yetirilməsidir. Məhəllə-sənaye obyektlərinin, texnoparkların qurulması kimi amillər ölkə iqtisadiyyatına öz təsirini göstərir və göstərəcək. Eyni zamanda, regionlarda sənaye müəssisələrinin tikilməsi iqtisadiyyatın inkişafına öz töhfəsini verir. Xüsusən də kənd təsərrüfatında texniki bitkilərin əkininin artırılması ixracın artmasına səbəb olacaq.
Onu da bildirim ki, tikinti materiallarının istehsalının genişləndirilməsi yaxın və uzaq bazarlara çıxışına şərait yaradır.
Eyni zamanda, qida sektorunda olan məhsulların “Made in Azerbaijan” brendi adı altında dünya bazarına çıxması tək indi deyil, gələcəkdə də Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərəcək”.
Günel CƏLİLOVA