Vüqar Bayramov: “Mövcud proses davam edərsə...”
Avro kimi aparıcı valyutaların dollara nisbətən məzənnələrində ucuzlaşma davam etməkdədir. Məsələ ondadır ki, avro dollara nisbətdə son beş ayın ən aşağı səviyyəsinə düşüb. Belə ki, avro/dollar məzənnəsi 1.1579 avro ilə dekabrdan bu yana ən aşağı həddə düşüb.
Qeyd edək ki, birjalarda dollar önəmli valyutalara nisbətdə güclənməkdə davam edir. ABŞ dollarının G-10 ölkələrinin valyutalarına nisbətini izləyən “Bloomberg” Dollar Spot İndeksi 0.29 faiz artaraq, 1,159.81 bal olub. Dollar İndeksi (DXY) isə 0.37 faiz yüksələrək, 92.913 bal səviyyəsində qeydə alınıb. Dünyada fundamental risqlərin artması aparıcı valyutaların da dollara nisbətən məzənnəllərinin ucuzlaşmaqda davam etmələrinə təsir edir. Dünya birjalarında həftə ərzində açıqlanacaq önəmli fundamental məlumatlar öncəsi aparıcı valyutaların dollara nisbətən məzənnələrində zəif dalğalanma davam etməkdədir. Təhlillərə əsasən, qiymət 1.15$-ın üzərində qalmaqda davam edərsə, 1.21$-a kimi də bahalaşa bilər. Ancaq müşahidə olunan tendensiya onu göstərir ki, avro daha da ucuzlaşa bilər. Analoji proses Azərbaycanda da özünü göstərir. İş ondadır ki, dolların rəsmi kursu ötən günlə müqayisədə dəyişməyib. Belə ki, dollar 1.7 manata dəyişdirilir. Avronun rəsmi məzənnəsi isə cüzi enib. Belə ki, avro 2.0252 manata dəyişdirilir.
Qeyd edək ki, Avrozonada iqtisadi inkişafın artmasına baxmayaraq, inflyasiya fonunda risqlər qalmaqdadır və ötən aylarda 1.5 faizdən 1.1 faizə kimi zəifləmə müşahidə edilib. Lakin mütəxəssislər Avrozonanın inflyasiya göstəricilərində 1.4 faizə kimi yenidən artım gözləyirlər və bu, özünü doğruldarsa, avronun bahalaşması yenidən güclənə bilər.
Bütün bunların fonunda, ekspertlər son vaxtlar avronun ucuzlaşmaqda davam etməsini nə ilə əlaqələndirirlər?
Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Vüqar Bayramov avronun ucuzlaşmasını bir sıra amillərlə əlaqələndirdi: “Avronun ucuzlaşacağı gözlənilən idi. Bu daha çox dolların dünya bazarında mövqeyinin möhkəmlənməsi ilə bağlıdır. Nəzərə almaq lazımdır ki, dolların dünya bazarında mövqeyinin digər valyutalara nisbətdə möhkəmlənməsi müşahidə olunur. Bu da, nəticə etibarilə, avronun məzənnəsinin möhkəmlənməsinə birbaşa təsir göstərir. Eyni zamanda, avronun ucuzlaşmasının digər səbəbi Avropa Mərkəzi Bankının uçot stavkasını dəyişməsi ilə bağlıdır. Eləcə də sentyabra qədər emissiya prosesini davam etdirməsi ilə bağlı açıqlamaları prosesə təsir göstərir. Bütün bunlar məzənnəyə birbaşa təsir göstərir. Güman olunur ki, avronun dollara nisbətdə məzənnəsi daha da aşağı düşəcək. Mövcud proses davam edərsə, dolların digər valyutalara nisbətdə məzənnəsinin möhkəmlənməsi gedərsə, o zaman avronun məzənnəsi ucuzlaşmaqda davam edəcək. Təbii ki, kəskin ucuzlaşma gözlənilmir, amma dolların qlobal valyuta bazarında mövqeyi möhkəmləndikcə, avronun ucuzlaşması davam edəcək”.
Vidadi ORDAHALLI