Müslüm İbrahimov: “Bakı Şopinq Festivalı Azərbaycanın daxili bazarının canlandırılması və sürətləndirilməsində xüsusi rol oynayır”
Məlum olduğu kimi, paytaxt Bakı ərazisində 3-cü Şopinq Festivalı keçirilir. Mayın 1-dən start götürən ticarət festivalı mayın 31-nə kimi davam edəcək. Şopinq Festivalında şəhərin sakinlərini və qonaqları məşhur brendlərin yerləşdiyi alış-veriş mərkəzlərində sərfəli qiymətlər, kampaniyalar, əyləncə proqramları və digər fürsətlər gözləyir.
Məlumat üçün bildirək ki, bu tip ticarət festivalları inkişaf etmiş dünya ölkələrində keçirilir. Məqsəd ölkəyə daha çox turist cəlb etməkdir. Bu təcrübə İstanbul və Dubay kimi şəhərlərdə yaşanıb və özünü doğruldub. Xatırladaq ki, ilk Bakı Şopinq Festivalı ötən ilin 10 aprel - 10 may və 15 oktyabr - 15 noyabr tarixlərində keçirilib. İldə iki dəfə keçirilməsi nəzərdə tutulan festival beynəlxalq təcrübəyə əsaslanır. Çünki kütləvi turizm inkişaf etdikcə, ölkəyə daha çox valyuta axını cəlb olunur. Bakıda təşkil olunan Şopinq Festivalı Qafqazda və Orta Asiyada ilk dəfə Azərbaycanda keçirilib. Bu isə nəinki Qafqaz respublikaları, hətta Fars körfəzi ölkələrində də ölkəmizə marağın yaranmasına səbəb olub.
Bakı Şopinq Festivalının ölkəmizdə keçirilməsinin əhəmiyyəti barədə Strateji Yol Xəritəsində də qeyd olunub. Artıq üçüncü təcrübə olduğuna görə festivala hazırlıq yüksək səviyyədə aparılıb. Bazara keyfiyyətli və daha çox tələbat olan məhsullar çıxarılıb.
Artıq alış-veriş sevərlər onlar üçün yaranmış fürsəti dəyərləndirirək Şopinq Festivalında iştirak edirlər. Festivalda xarici məhsullarla yanaşı, yerli məhsullara rast gəlmək mümkündür.
Maraqlıdır, Bakı Şopinq Festivalı Azərbaycan məhsullarının dünyaya çıxarılmasında necə rol oynayacaq?
İqtisad elmlər doktoru Müslüm İbrahimov "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, Şopinq Festivalının ölkə ərazisində keçirməsi sevindiricidir: “Bu festivalın ölkəmizdə keçirilməsinin müsbət tərəflərindən biri də odur ki, Azərbaycanın daxili bazarının canlandırılması və sürətləndirilməsinə səbəb olub. Nəzərə almaq lazımdır ki, Azərbaycan ümumdaxili məhsulunun artımında istehsal bazarının xüsusi rolu var. Bu, ilk növbədə, daxili bazara təsir göstərir. Daxildə istehlak bazarının inkişafı və onun genişləndirilməsi nəticəsində Azərbaycanda satılan məhsulların satış dövriyyəsi daha da inkişaf edir. Azərbaycan məhsullarının dünya bazarına çıxarılması sərbəst pul vəsaitlərinin yaranmasına səbəb olur. Kapital keyfiyyətli məhsulun istehsal olunmasına yönəldilə bilər. Bu da ixrac potensialına birbaşa təsir göstərir”.
Günel CƏLİLOVA