Əkrəm Həsənov: “Hazırda manatla qoyulan əmanətlərin faiz dərəcəsi aşağı olduğu üçün, əmanətçilər xarici valyuta ilə banklara vəsait qoymağa üstünlük verirlər”
Statistik rəqəmlərə əsasən, Azərbaycanda əmanətlərin dollarlaşması 64 faizə yüksəlib. Azərbaycan Mərkəzi Bankının yaydığı məlumatda qeyd olunur ki, Azərbaycan əhalisinin banklardakı əmanətlərinin məbləği bu il martın 1-nə 7 657,2 mln. manat təşkil edib ki, bunun da 4 906,1 manatı və yaxud 64,1 faizi xarici valyutada yerləşdirilib.
Qeyd edək ki, bu nisbət martın 1-də 62,1 faiz olub. Onu da bildirək ki, martda əmanətlərin dollarlaşması 2 faiz artıb. Ekspertlərin bildirdiyinə görə, devalvasiyadan qabaq da vətəndaşlar əmanətlərini daha çox manatda saxlayırdılar. Dollara olan meyl devalvasiyadan sonra baş verib.
Əmanətlərin dollarlaşmasının artması səbəbini öyrənmək üçün bank sahəsi üzrə mütəxəssis Əkrəm Həsənova müraciət etdik. Ə.Həsənov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, son zamanlar insanlar pul ehtiyatlarını milli valyuta ilə deyil, daha çox xarici valyuta ilə saxlamağa üstünlük verirlər. Bunun da səbəbi milli valyutaya etibarın zəif olmasıdır.
Həmsöhbətimizin sözlərinə görə, ötən il milli valyuta üzrə faiz dərəcəsi çox yüksək idi: “Keçən il manatla qoyulan əmanətlərin faiz dərəcəsi 15 faiz idi. Ancaq bu il milli valyuta ilə əmanətlər üzrə faiz dərəcəsi kəskin şəkildə enməyə başlayıb. Bu səbəbdən də əmanətçilər hesab edirlər ki, manatla çox gəlir əldə edə bilməyəcəklər. O üzdən, insanlar vəsaitlərini xarici valyuta ilə yatırmağa üstünlük verirlər.
Qeyd edim ki, ötən il kommersiya bankları xarici valyuta ilə əmanəti 1, manatla isə 15 faizlə qəbul edirdilər. Bu səbəbdən 2017-ci ildə əhali qazanc əldə etmək üçün milli valyuta ilə əmanət qoymağa üstünlük verirdilər. Ancaq indisə manatla qoyulan əmanətlərin faiz dərəcəsi 10 faizdən də aşağıdır. Bu səbəbdən insanlar əllərində olan vəsaiti xarici valyuta ilə saxlamağa üstünlük verirlər”.
Günel CƏLİLOVA