Fikrət Yusifov: “Real sektora diqqəti artırmalıdır”
Azərbaycan iqtisadiyyatında müşahidə olunan müsbət dinamika artıq bank sektorunda da özünü göstərir. Məsələ ondadır ki, son vaxtlar ölkənin bank sektorunda müsbət tendensiyalar müşahidə olunur. Təsadüfi deyil ki, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 23-ü 2017-ci ili mənfəətlə başa vurub. İqtisadiyyatın diversifikasiyası, biznesin inkişafı üzrə görülən tədbirlər bank sektoruna müsbət təsir göstərib. Ötən il Azərbaycanda verilmiş kreditlərin 64 faizi biznes kreditlərinin payına düşür. Eyni tendensiyanın bu il də davam edəcəyi gözlənir.
Bu arada Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasının hesabatında qeyd olunur ki, 2018-ci ilin birinci rübünün yekunlarına əsasən, Azərbaycanda bank sektorunun kapitallaşması 3,87 milyard manat təşkil edib. Bu, ötən ilin sonu ilə müqayisədə 4,34 faiz və ya 160,9 milyon manat çoxdur.
Hesabat dövründə Azərbaycanda fəaliyyət göstərən bankların ümumi aktivləri 27,9 milyard manat, öhdəlikləri 24 milyard manat təşkil edib. Əhalinin depozitlərinin həcmi 7,6 milyard manata bərabər olub.
Bankların aktivləri ötən ilin sonu ilə müqayisədə 0,05 faiz, öhdəlikləri 0,73 faiz azalıb.
Bu müddət ərzində Azərbaycanda fəaliyyət göstərən 30 bankın filiallarının sayı 511-ə (2 yeni filial), şöbələrinin sayı 143-ə (1 yeni şöbə), bankomatların sayı 2455-ə (24 yeni bankomat) çatıb.
Hesabat dövründə bankların əməkdaşlarının sayı 218 nəfər artaraq 16389 nəfər təşkil edib.
Ümumilikdə, bank sektorunda kapitallaşmanın artmasını ekspertlər necə dəyərləndirirlər?
Məsələyə münasibət bildirən iqtisad elmləri doktoru, professor Fikrət Yusifov buna bir neçə kontekstdən yanaşdı. Onun fikrincə, banklar biznes sektoruna kredit verməkdə daha çox maraqlı olmalıdırlar: “Bütövlükdə, bu sahədə göstəricilərin yaxşılaşmasına, kapitallaşmanın artmasına baxmayaraq, bank sektorunda hələ ki, biz ciddi dönüşün baş verdiyini görmürük. Dəfələrlə Prezident İlham Əliyev bir sıra tədbirlərdə banklara çağırış edib ki, iqtisadiyyatın kreditləşməsində fəal rol oynasınlar. Hətta bir neçə dəfə banklarla bağlı tənqidi fikirlərini də səsləndirib. Bu gün reallıq ondan ibarətdir ki, bank sektoru birinci rübü 55 milyon manat zərərlə başa vurub. Məsələ ondadır ki, bank sektoru hələ də istehlak kreditlərinin verilməsinə üstünlük verir. Bu, iki il bundan əvvəl də belə idi, indi də belədir. Bu gün də məlum tendensiya davam edir. Birinci rübdə verilən kreditlərin hardasa 40 faizini istehlak kreditləri təşkil edib. Halbuki, real sektorun aparıcı sahəsi olan sənaye və kənd təsərrüfatına bu kredit portfelindən 4-5 faiz pay düşür. Əslində isə bu fərqli olmalıdır. Yəni real sektorun payı çox böyük olmalıdır. Bu gün iqtisadiyyatda rel sektor kredit portfelindən 3-5 faiz pay alırsa, bunu yetərli hesab etmək olmaz. Bu baxımdan bank sektoru öz işini yenidən qurmalıdır. Çünki bank sektoru iqtisadiyyatda aparıcı sahə olmalıdır. Bank sektoru asan yolla istehlak krediti verib pul qazanmaqdansa, biznes kreditləri verməlidir. Real sektora diqqəti artırmalıdır. Banklar isə asan yol tuturlar”.
Vidadi ORDAHALLI