Qadir Bayramlı: “Hesab edirəm ki, QTA bu problemləri həll edəcək”
Məlum olduğu kimi, bu ilin əvvəlindən Azərbaycanda Qida Təhlükəsizliyi Agentliyi fəaliyyətə başlayıb. Agentlik “tarladan süfrəyədək” prinsipi əsasında məhsulun daşıdığı risq səviyyəsinə uyğun olaraq, qida məhsulları istehsalının bütün mərhələlərində dövlət nəzarətinin həyata keçirilməsini təmin edir.
Agentlik yaradılana qədər istehlak bazarına daxil olan mal və məhsulların keyfiyyətinə nəzarət bir yox, 6-7 dövlət qurumu tərəfindən həyata keçirilirdi. Artıq bu səlahiyyətlər bir qurumda cəmləşib. Bütün bunlarla yanaşı, son günlər ölkə başçısının qərarı ilə agentliyə əlavə səlahiyyətlər verilib. Belə ki, quruma Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracının tənzimlənməsi ilə bağlı səlahiyyətlər verilib.
Eyni zamanda, Prezident İlham Əliyev “Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında “bir pəncərə” prinsipinin tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 11 noyabr tarixli 12 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb. Fərmana edilən dəyişikliyə əsasən, Dövlət Gömrük Komitəsi başqa ölkələrdən gətirilən heyvanların sağlamlığını müəyyənləşdirmək üçün onların təcrid olunmuş halda saxlanmasının təmin edilməsi məqsədilə artıq müvafiq ərazi dövlət baytarlıq müfəttişinə deyil, Qida Təhlükəsizliyi Agentliyinin müvafiq regional bölməsinə məlumat verəcək. Fərman 2018-ci il iyulun 1-dən qüvvəyə minir.
Göründüyü kimi, QTA-nın səlahiyyətləri bir az da artırıldı. Ümumilikdə, ölkəyə xaricdən gətirilən heyvanların sağlamlığını müəyyənləşdirmək üçün səlahiyyətlərin QTA-ya verilməsinə ekspertlər necə yanaşırlar?
Məsələyə münasibət bildirən Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Qadir Bayramlı, prinsipcə, buna müsbət yanaşdı: “Əvvəla belə bir qurumun fəaliyyət göstərməsi çox yaxşı haldır. Əvvəllər 5-6 qurum arasında bölünən səlahiyyətlər indi bir qurumda təmərküzləşib. Hesab edirəm ki, bu təqdirəlayiq haldır. Məsələ ondadır ki, Azərbaycanın qida təhlükəsizliyi ən önəmli məsələdir. QTA-da bununla bağlı bir sıra imkanlar var. Ancaq bəzən bir sıra fəaliyyətlər pərakəndə şəkildə həyata keçirilir. Xüsusən də məhsulların ixracı zamanı problemlər yarana bilər. Bəzən ixrac olunan məhsullar lazım olan tələblərə, keyfiyyətə cavab vermir. Ona görə də hesab edirəm ki, QTA bu problemləri həll edəcək. O üzdən, qurumun laboratoriya şəbəkəsi genişlənməlidir. Eyni zamanda, mütəxəssislər hazırlanmalıdır və sistemli şəkildə fəaliyyət göstərməlidirlər. Ondan başqa, daxili bazar üzrə vətəndaşlara təqdim olunan qida maddələri ciddi yoxlanmalıdır. Bəzən mağazalarda vaxtı keçmiş və standartlara cavab verməyən qidalar satılır. Sözügedən problemlərin aradan qaldırılmasında QTA-nın önəmli fəaliyyəti ola bilər. Ən önəmli məsələlərdən biri də xaricdən gətirilən qida mallarına nəzarətin təmin olunmasıdır. Çünki ölkəyə çox sayda keyfiyyətsiz məhsul gətirmək istəyən olur. Ona görə də QTA bu məsələlərlə daha ciddi məşğul olmalıdır. Laboratoriyalar və mütəxəssis şəbəkəsi genişlənərsə, bu, ölkəyə gələn keyfiyyətsiz qidaların önlənməsində mühüm rol oynayacaq. Bu struktur şəffaf şəkildə çalışarsa, ölkədə qida təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynaya bilər”.
Vidadi ORDAHALLI