Dövlət Gömrük Komitəsində (DGK) kadr islahatları gömrük orqanlarında şəffaflıq tam təmin olunanadək davam etdiriləcək. “Trend”in məlumatına görə, bunu DGK-nin sədri Səfər Mehdiyev deyib.
Onun sözlərinə görə, kadr islahatları o demək deyil ki, əməkdaşların işində ciddi pozuntular qeydə alınıb: "Mən artıq qeyd etmişəm ki, Dövlət Gömrük Komitəsinin strukturunda ciddi islahatlar aparılacaq. Ötən gün iki sərəncam dərc olundu. Bu sərəncamlara əsasən, bir neçə yüksək vəzifəli əməkdaş sərəncama göndərilib. Bu, islahatların sadəcə bir hissəsidir. Buna qədər biz 3 idarənin rəhbərini dəyişmişik. Bu gün Balakən Gömrük İdarəsinin rəisi sərəncama göndərildi. İslahatlar o demək deyil ki, kiminsə işində ciddi nöqsanlar aşkar edilib".
DGK sədri bildirib ki, öz işini vicdanla görən sahibkarlar hər zaman gömrük xidmətinin tərəfdaşı sırasında olacaq: "Lakin rüsumları ödəməkdən yayınmaq üçün düzgün məlumatlar təqdim etməyənlərə qarşı ciddi tədbirlər görüləcək. O ki qaldı gömrük işçilərinə, yeni kadrların işində nöqsan aşkarlanarsa, onlar da vəzifələrindən azad ediləcəklər".
Səfər Mehdiyev gömrük orqanlarının işində blokçeyn texnologiyasının tətbiq olunması barədə sualı cavablandırarkən deyib ki, Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) öz fəaliyyətində müasir texnologiyaları tətbiq etmək niyyətindədir.
O bildirib ki, qlobal ticarətdə baş verən dəyişikliklər gömrükdə islahatları zəruri edir: "Bu, qaçılmazdır və hesab edirəm ki, biz öz işimizdə bu cür yenilikləri tətbiq edəcəyik".
Azərbaycanda gömrük tariflərində dəyişikliklər məsələsi gündəmdə deyil. “Trend”in məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.
Onun sözlərinə görə, tarif dəyişiklikləri, adətən, büdcə zərfinin müzakirəsi zamanı təklif olunur və nadir hallarda ilin ortasında baş verir: "Ötən il gömrük rüsumlarında yerli istehsalatın müdafiəsinə yönəlmiş ciddi dəyişikliklər etdik. Gömrük rüsumlarının yeni sistemi tətbiq olundu. Buna görə də hazırda gömrük rüsumlarına yenidən baxılmasına ehtiyac görmürük. Əgər ilin sonunadək bizə hər hansı yeni təkliflər daxil olsa, onlara baxa bilərik".