Əli Əlirzayev: “Yəqin ki, islahatlar effektiv olacaq və ölkə iqtisadiyyatının inkişafına müsbət təsir göstərəcək”
“Ticarət və biznesin inkişafı gömrük orqanlarında kadr və infrastruktur islahatlarını labüd edir”. Bunu mətbuata açıqlamasında Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib. Onun sözlərinə görə, bu sahədəki çatışmazlıqların aradan qaldırılması istiqamətində ciddi işlər görüləcək. Bununla yanaşı, S.Mehdiyev Dövlət Gömrük Komitəsində ciddi kadr və struktur islahatlarının aparılacağını bildirib.
Onun sözlərinə görə, ticarət sahəsində həyata keçirilən yeniliklər gömrük orqanlarında da islahatları zəruri edir. Bu baxımdan strukturda, ümumiyyətlə, gömrük-biznes münasibətlərində şəffaflığın daha da artırılması və büdcə gəlirlərinin formalaşdırılmasında çatışmazlıqların aradan qaldırılması üçün işlər görüləcək. O, komitənin qanunsuz əməllərə qətiyyən yol verməyəcəyini bildirib.
Komitə sədri sahibkarların rahat idxal-ixrac əməliyyatları ilə məşğul olmaları üçün lazım olan bütün texniki imkanlardan istifadə edəcəklərini qeyd edib. Həmçinin, S.Mehdiyev deyib ki, komitə tərəfindən icra olunan büdcə tapşırığı nəzərdə tutulan proqnozdan yüksək olub. Onun fikrincə, bu artım ticarətdə, idxal-ixrac əməliyyatlarında artım hesabına baş verib və bu tendensiya davam edəcək: “Gələcəkdə ilk növbədə sahibkarlar rahat idxal-ixrac əməliyyatları ilə məşğul olmaq üçün lazım olan bütün texniki imkanlardan istifadə edəcəklər. Şəffaf mühitin formalaşdırılması Azərbaycan gömrüyünün nüfuzunu daha da ucalara qaldıracaq. Struktur istiqamətində də yaxın zamanda yeni təkliflərimiz, yeni qərarlarımız olacaq”.
Bütün bu deyilənlərlə yanaşı, bütövlükdə, gömrükdə nə kimi islahatların aparılmasına ehtiyac var? Ekspertlər bununla bağlı nə təklif edirlər? Məsələyə münasibət bildirən iqtisadçı-alim Əli Əlirzayev buna bir neçə kontekstdən yanaşdı. Onun fikrincə, gömrük sahəsi iqtisadiyyatın mühüm bir bölməsidir: “Büdcənin, gəlirlərin formalaşmasında, insanların həyat səviyyəsinin yaxşılaşmasında mühüm rolu var. Ona görə də gömrüklə bağlı məsələlər hər zaman gündəmdə olur və bu bundan sonra da belə olacaq. Nəzərə almaq lazımdır ki, gömrükdə vergi toplanır, ixrac və idxala nəzarət olunur. Bununla yanaşı, ölkənin iqtisadi potensialı artır. Ona görə də birinci növbədə gömrükdə şəffaflıq təmin olunmalıdır. İslahatlar aparılarkən bu amilə xüsusi diqqət edilməlidir. Müəyyən mənada sosial xarakterli məsələlərə daha çox yer vermək lazımdır. Çünki gömrükdə olan qiymətlərin, tariflərin bu və ya digər dərəcədə olması iqtisadi proseslərə təsir göstərir. Bütün bunları elə qurmaq lazımdır ki, ölkə iqtisadiyyatının inkişafına müsbət təsir göstərsin. Çünki gömrükdə rüsumlar qalxırsa, bu, məhsulun qiymətinin artmasına təsir göstərir. Ona görə də bu islahatlar hər zaman lazımdır. Hesab edirəm ki, gömrükdə şəffaflıq olmalıdır və elektron idarəetmə sisteminə önəm verilməlidir. Eyni zamanda, süründürməçilik azalmalıdır və insanlar saatlarla növbədə dayanmamalıdırlar. Bunun üçün də aparılacaq islahatlar sistemli xarakter daşımalıdır. Ölkəyə gələn xarici qonaqlar çətinliklərlə üzləşməməlidirlər. Deklarasiyalar sadələşdirilməlidir. Gömrük xidmətinin təşkilinə xüsusi önəm verilməlidir. Yeni komitə sədri bəzi islahatların aparılacağı ilə bağlı açıqlama veribsə, deməli, hansısa işlər görüləcək və bu vacibdir. Yəqin ki, islahatlar effektiv olacaq və ölkə iqtisadiyyatının inkişafına müsbət təsir göstərəcək”.
Vidadi ORDAHALLI