Əkrəm Həsənov: “Mərkəzi Bankın uçot dərəcəsini aşağı salması nəticəsində bankların pul vəsaiti artıb”
Məlumatlara görə, son zamanlar bank sektorunda müəyyən canlanma müşahidə olunur. Bankların mərkəzi ofislərində və filiallarında müştəri sıxlığı yaşanır. Müştəri sıxlığının səbəbi banklardan kredit götürmək istəyənlərin sayının artmasıdır. Ekspertlərin fikrincə, son zamanlar bir qisim bank cəzbedici reklamlarla kredit təklif edir. Bu reklamların təsirinə düşüb banka yollanan müştərilərin sayı isə heç də az deyil.
Bank sahəsi üzrə mütəxəssis Əkrəm Həsənov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, son zamanlar bank sektorunda qismən canlanma müşahidə olunmağa başlayıb: “Bunun da səbəblərindən biri Mərkəzi Bankın uçot dərəcələrini aşağı salmasıdır. Bəllidir ki, Mərkəzi Bank uçot dərəcələrini 15 faizdən 11 faizə endirib. Onu da deyim ki, artıq Mərkəzi Bank banklara kredit verməyə başlayıb. Təbii ki, banklar da əllərində pul olduğu üçün həmin vəsaiti kredit kimi verməlidirlər. Ancaq onu da deyim ki, kredit üçün banklara müraciət edənlərin sayı cüzi şəkildə artıb”.
Həmsöhbətimiz onu da vurğuladı ki, banklar kredit vermək üçün bir sıra şirnikləndirici reklam üsullarından istifadə edirlər: “Bu səbəbdən hesab edirəm ki, insanlar mümkün qədər həmin reklamları ciddiyə almasınlar. Tövsiyə edərdim ki, xüsusi zərurət olmadan banklardan kredit götürməsinlər, çünki son illər bunun fəsadlarının necə olduğu hər kəsə bəllidir. Şəxsən mən iki səbəbə görə kredit götürülməsində vətəndaşları başa düşürəm. Mənzil almaq və xəstəliyin müalicəsi üçün bankdan kredit götürmək olar. Elektronik əşyalar və ya müxtəlif məqsədlər üçün kredit götürülməsinin tərəfdarı deyiləm”.
Ə.Həsənovun sözlərinə görə, banklar əhalini deyil, biznesi kreditləşdirməlidir. Banklar biznesə kredit verərsə, bunun ölkə iqtisadiyyatına yalnız xeyri ola bilər.
Günel CƏLİLOVA