Aydın Hüseynov: “Nəzərə alsaq ki, Azərbaycan get-gedə Avropa İttifaqı ölkələrinə ixrac etdiyi qida məhsullarının çeşidini, həcmini artırır, o zaman qərar tam yerində verilib”
Məlum olduğu kimi, Prezident İlham Əliyev “Azərbaycan Respublikasından Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracının tənzimlənməsi haqqında” 2005-ci il 1 aprel tarixli, 218 nömrəli Fərmanda dəyişikliklər edilməsi barədə Fərman imzalayıb.
Fərmana əsasən, müəyyən edilib ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Avropa İttifaqı ölkələrinə ixrac edilən qida məhsullarının təhlükəsizlik meyarları üzrə ekspertizasının keçirilməsi, həmin ekspertizanın nəticələrinə uyğun olaraq onlara təsdiqedici kod nömrələrinin və ixracatçılara ekspertizanın nəticələrini təsdiq edən sənədlərin verilməsi, qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatı və dövlət reyestrinin aparılması fəaliyyətini həyata keçirən, habelə Avropa İttifaqının bu sahədə müvafiq tələblərinin icrasını təmin edən vahid səlahiyyətli orqandır. Sənəddə “İqtisadiyyat Nazirliyinin” sözləri “Qida Təhlükəsizliyi Agentliyinin” sözləri ilə əvəz edilib.
Məlumat üçün qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyi bu il yanvarın 1-dən fəaliyyətə başlayıb. Agentlik “tarladan süfrəyədək” prinsipi əsasında məhsulun daşıdığı risq səviyyəsinə uyğun olaraq qida məhsulları istehsalının bütün mərhələlərində dövlət nəzarətinin həyata keçirilməsini təmin edir. Agentlik yaradılana qədər istehlak bazarına daxil olan mal və məhsulların keyfiyyətinə nəzarət bir yox, 6-7 dövlət qurumu tərəfindən həyata keçirilirdi. Artıq bu səlahiyyətlər bir qurumda cəmləşib. Bütün bunların fonunda, quruma Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracının tənzimlənməsi ilə bağlı səlahiyyətlərin verilməsini ekspertlər necə dəyərləndirirlər?
Məsələyə münasibət bildirən millət vəkili Aydın Hüseynov buna müsbət prizmadan yanaşdı: “Məlum olduğu kimi, bu ilin əvvəlindən ölkədə Qida Təhlükəsizliyi Agentliyi fəaliyyət göstərir. Nəzərə almaq lazımdır ki, Azərbaycanda ərzaq təhlükəsizliyi proqramı mövcuddur. Ərzaq təhlükəsizliyi proqramı çərçivəsində başlıca hədəflərdən biri də ölkədə qida təhlükəsizliyinin gücləndirilməsidir. Bununla bağlı işlərin bir qurum tərəfindən tənzimlənməsinin bir sıra üstünlükləri var. Çünki bu, sözügedən istiqamətdə işlərin çevik və dinamik qurulmasına yardım edəcək. O baxımdan bu variant məqbul hesab olunur. Nəzərə almaq lazımdır ki, bizim Avropa İttifaqı ilə əlaqələrimiz daha da genişlənir. Eyni zamanda, Azərbaycanın bir çox məhsulları Avropaya ixrac olunur. Bu minvalla sözügedən məhsullar dünya bazarına çıxarılır. Eləcə də Avropa ölkələrindən Azərbaycana müxtəlif məhsullar, o cümlədən qida məhsulları idxal olunur. Ona görə də qida təhlükəsizliyinin təmin olunması, qidaların laboratoriyadan keçməsi, yoxlanılması, insan orqanizmi üçün daha gərəkli hala gətirilməsi vacib məqamlardan biridir. Nəzərə alsaq ki, Azərbaycan get-gedə Avropa İttifaqı ölkələrinə ixrac etdiyi qida məhsullarının çeşidini, həcmini artırır, o zaman qərar tam yerində verilib. Bu baxımdan Avropa İttifaqı ölkələrinə ixrac edilən qida məhsullarının təhlükəsizlik meyarları üzrə səlahiyyətlərin bu quruma verilməsi müsbət haldır. Belə bir qərar ümumi işin xeyrinə olacaq. Ona görə də Prezidentin bununla bağlı verdiyi fərmanı tam yerində hesab edirəm. Düşünürəm ki, bu, ümumi işin xeyrinə olacaq”.
Vidadi ORDAHALLI